Yuxarı

​Qaraməryəm-İsmayıllı avtomobil yolunun əsaslı təmirinə başlanılıb

Ümumilikdə, yolun 200 min kv. metrdən çox ərazisi asfaltlanacaq

Bakı. 25 aprel. REPORT.AZ/ İstismar müddəti bitdiyi üçün uzun müddət yararsız vəziyyətdə olan Qaraməryəm-İsmayıllı avtomobil yolunun əsaslı təmirinə başlanılıb.

"Report"un “Azəravtoyol” ASC-yə istinadən verdiyi xəbərə görə, iki hərəkət zolağından ibarət olan avtomobil yolunun uzunluğu 30 km, mövcud eni isə 6 metrdir. Təmir-tikinti işləri çərçivəsində yolun hərəkət hissəsinin eni 7 metrə qədər genişləndirilir. Hər iki istiqamət üzrə mövcud çiyinlər bərkidilir, zəruri olan yerlərdə 2 metr enində yeni çiyinlər yaradılır. Bunun üçün dağlıq hissələrdə yol kənarında olan yamaclar qazılaraq çıxarılır.

Yolun hərəkət hissəsinin deformasiyaya uğramış hissələri qazılaraq çıxarılır, karbonat materialı tökülərək yenidən kipləşdirilir. Bundan başqa köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, zəruri olan yerlərə hamarlayıcı qatın döşənməsi işləri həyata keçirilir. Ümumilikdə, yolun 200 min kv. metrdən çox ərazisi asfaltlanacaq.

Aparılan kompleks tədbirlər zamanı avtomobil yolunun altından suların ötürülməsi üçün nəzərdə tutulmuş və dağılmış suötürücü borular yeniləri ilə əvəzlənir, köhnələri bərpa edilir, giriş-çıxış hissələri də təmizlənir.

Təmir-bərpa işləri çərçivəsidə Qaraməryam-İsmayıllı avtomobil yolunun 3-cü kilometrliyində normadan artıq yüklənmiş ağırtonnajlı yük maşınlarının hərəkəti nəticəsində dağılaraq qəzalı vəziyyətə düşən körpünün də inşasına başlanılıb. 1 aşırımlı körpünün uzunluğu 24 metr, eni isə 10 metr olacaq. Körpüdə piyadaların rahat və təhlükəsiz şəkildə hərəkəti üçün səkilər də nəzərdə tutulub.

Həmçinin, avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri həyata keçiriləcək.

Qeyd edək ki, 1969-cu ildə salınan yolun təmiri Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2014-2018-ci illər) çərçivəsində “Azəravtoyol” ASC tərəfindən texnoloji ardıcıllığa riayət olunmaqla aparılır. Yolun əsaslı şəkildə təmir olunması ilə İsmayıllı və Göyçay rayonlarının 30-a yaxın yaşayış məntəqəsinin əhalisinin gediş-gəlişi xeyli rahatlaşacaq, Bakı-Şamaxı-Yevlax və Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yollarına maneəsiz şəkildə çıxış əldə olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi