Yuxarı

Prezident: “Son 14 il ərzində Azərbaycanda 12 min 300 kilometr yol çəkilib, 443 körpü tikilib”

Prezident: “Son 14 il ərzində Azərbaycanda 12 min 300 kilometr yol çəkilib, 443 körpü tikilib”
Bu il həmin rəqəm, təqribən, 15 min kilometrə çatacaq

Bakı. 29 yanvar. REPORT.AZ/ “Son 14 il ərzində Azərbaycanda 12 min 300 kilometr yol çəkilib və 443 körpü tikilib”.

“Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 29-da Heydər Əliyev Mərkəzində keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda deyib.

Dövlət başçısı bildirib ki, bu il həmin rəqəm, təqribən, 15 min kilometrə çatacaq.

Prezident İlham Əliyev əlavə edib ki, avtomobil yollarının tikintisi infrastruktur layihələri arasında önəmli yer tutan sahədir: “Bu həm iqtisadi, həm sosial sahədir. Rahat, hamar yollar insanlara rahatlıq gətirir. Eyni zamanda yol olmadan bölgələr inkişaf edə bilməz, nə turizm, nə də sənaye istehsalı inkişaf edə bilər, kənd təsərrüfatının inkişafı üçün də problemlər yaranar. Hazırda kənd yollarının tikintisi geniş vüsət alıb. Biz görürük ki, harada yeni yol çəkilir, o bölgədə canlanma daha da sürətlə gedir, kənd təsərrüfatı istehsalı artır. Nəyə görə? Çünki bazarlara rahat çıxış olur. Beləliklə, yol infrastrukturu, sadəcə olaraq, sosial layihə deyil”.

"Əlbəttə ki, ölkəmizdə aparılan və tərəfimizdən irəli sürülmüş nəhəng nəqliyyat və energetika layihələri həm böyük vəsait tələb edirdi, eyni zamanda, ölkəmizin uzunmüddətli uğurlu inkişafını şərtləndirən layihələrdir.

Nəqliyyat sahəsində. Ölkəmizdə yeddi aeroport tikildi. Onlardan altısı beynəlxalq aeroportdur. Birinci proqram qəbul olunana qədər bizim bir beynəlxalq aeroportumuz var idi – Bakı aeroportu. Digər aeroportlar yerli əhəmiyyətli aeroportlar idi. Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Qəbələ, Zaqatala - altı beynəlxalq aeroport, bir də Yevlax aeroportu yenidən quruldu. Bu gün onlar fəaliyyət göstərir və beynəlxalq reyslər təşkil olunur. Bu, ölkəmizə turistlərin gəlişini şərtləndirir, insanlara rahatlıq verir. Vaxtilə bu layihələrə start verəndə bəziləri hesab edirdilər ki, bəlkə də, biz əbəs yerə vəsait xərcləyirik, bunların heç bir istifadəsi olmayacaq. Həyat göstərdi ki, indi bizim beynəlxalq aeroportlarımızdan dünyanın müxtəlif yerlərinə uçuşlar təşkil edilir", - dövlət başçısı vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi