​Prezident SABIS Sun Beynəlxalq məktəb kompleksi və Qolf klubunun açılışını edib

​Prezident SABIS Sun Beynəlxalq məktəb kompleksi və Qolf klubunun açılışını edib İlham Əliyev “Xəyal Adası” layihəsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib
İnfrastruktur
4 Oktyabr , 2015 17:26
​Prezident SABIS Sun Beynəlxalq məktəb kompleksi və Qolf klubunun açılışını edib

Bakı. 4 oktyabr. REPORT.AZ/ Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva bu gün “Azərsun Holdinq” Şirkətlər Qrupunun “Xəyal Adası” layihəsi çərçivəsində SABIS Sun Beynəlxalq məktəb kompleksi və Qolf klubunun açılışında iştirak edib.

"Report" xəbər verir ki, “Azərsun Holdinq” Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri Abdulbari Gözəl dövlət başçısına “Xəyal Adası”nda görülən işlərlə bağlı ətraflı məlumat verib.

İlham Əliyev SABIS Sun Beynəlxalq məktəb kompleksinin rəmzi açılışını bildirən lenti kəsib.

Dövlət başçısına məlumat verilib ki, məktəb kompleksində uşaq bağçası, SABIS Sun Beynəlxalq məktəbi və inzibati bina inşa olunub. Burada müəllim kollektivinin fəaliyyəti üçün ən yüksək şərait var. Məktəb kompleksinin növbəti mərhələləri üzrə də inşaat işləri uğurla davam etdirilir. Bu kompleks ən müasir tələblərə cavab verməklə təlim-tədris üçün bütün zəruri avadanlıqla təchiz ediləcək.

Prezident və xanımı kompleksin uşaq bağçasında yaradılan şəraitlə də maraqlanıblar.

Uşaq bağçasının bütün məşğələ otaqları müasir standartlar səviyyəsində qurulub. Burada üzgüçülük hovuzu və zəruri avadanlıqla təchiz edilən idman zalı da var.

Sonra İlham Əliyev və Mehriban Əliyeva SABIS Sun Beynəlxalq məktəbində yaradılan şəraitlə tanış olublar. Bu təhsil ocağı bütün siniflər üzrə təlim-tərbiyə işinin müasir standartlar səviyyəsində qurulması baxımından hər cür şəraitə malikdir. Otaqların hamısı zəruri avadanlıq və dərs vəsaitləri ilə təchiz edilib. Dördmərtəbəli məktəbdə təhsil sahəsində keyfiyyəti ilə fərqlənən “SABIS” sistemi tətbiq olunur. Bu təhsil sistemi fəaliyyət göstərdiyi dövrdə təkmilləşdirilmiş əhatəli tədris proqramı ilə seçilir. Dünyanın 16 ölkəsində 60 məktəbi fəaliyyət göstərən “SABIS” sistemi üzrə 65 min şagird təhsil alır. Bütün bunlar bir daha göstərir ki, Azərbaycanda təhsil sahəsində əldə olunan inkişaf beynəlxalq təcrübəni də özündə ehtiva edir. Bu prinsip maddi-texniki bazanın möhkəmləndirilməsinə də geniş yer verir. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət, ölkəmizdə təhsillə bağlı qəbul edilən proqramlar bu sahənin yeni və keyfiyyətcə daha üstün mərhələyə qədəm qoymasına şərait yaradır.

Dövlət başçısı təhsil kompleksinin müəllim və şagirdləri üçün nəzərdə tutulan xüsusi nəqliyyat vasitələrinə də baxıb.

Sonra prezident və xanımı “Xəyal Adası”nın Qolf klubuna gəliblər. Binada idman avadanlığı mağazası var. Mağazada qolf oyunu zamanı istifadə olunan idman malları müştərilərə təqdim edilir.

Qolf klubu binasının interyeri müasirliyi ilə diqqəti cəlb edir. Binada qolf oyunçularının hazırlaşması, istirahət etməsi, komanda ilə birlikdə əylənməsi üçün bütün şərait yaradılıb. Sahəsi 5 min kvadratmetr olan Qolf klubunun yüksək zövqlə və keyfiyyətlə qurulması bir daha layihənin uğurunu nümayiş etdirir. Binada müasir səviyyədə yaradılan kafe və restoranlar qonaqların ixtiyarına veriləcək. Burada qonaqlara istər Avropa, istərsə də milli mətbəx nümunələrinin təamları təqdim ediləcək. Qolf klubunun binasındakı satış mərkəzi həm qolf, həm də layihə ilə maraqlanan müştərilərə xidmət edəcək.

Heydər Əliyev Beynəlxalq Aeroportuna gedən yolun üzərində yerləşən “Xəyal Adası”nın ərazisi 330 hektardır. Ərazi paytaxtın mərkəzindən 24 kilometr məsafədə yerləşir. Reallaşmasına 2013-cü ildən start verilən layihənin yüksək səviyyədə yerinə yetirilməsi və qısa zamanda tamamlanması üçün bütün qüvvələr səfərbər olunub.

“Xəyal Adası”nda “ASAN xidmət” mərkəzi də yaradılacaq. Ən yüksək ekoloji standartlara uyğun olaraq inşa edilən “Xəyal Adası”nda gələcəkdə müasir səhiyyə komplekslərinin yaradılması nəzərdə tutulub. Layihə çərçivəsində məktəb kompleksi, ticarət mərkəzləri, mehmanxana, beynəlxalq səviyyəli yarışların keçirilməsinə imkan verən Qolf Mərkəzi, göllər və peyzaj sahələri yaradılır. Burada 1 milyon kvadratmetrdən çox yaşıllıq sahəsi var. Ondan artıq süni göllə əhatə olunmuş ərazidə xüsusi ekosistem mövcuddur.

Qolf klubunun binasında prezident İlham Əliyev bu idman növündə oynamağa gələn xarici ölkələrin nümayəndələri ilə görüşüb. Qonaqlar Qolf klubunda yaradılan şəraitdən razılıqlarını bildiriblər. Qeyd edilib ki, dünyanın bir çox yerindən iş adamları, müxtəlif peşə sahibləri ailələri ilə birlikdə Bakıya gəlir, burada həm qolf oynayır, həm istirahət edir, həm də vaxtlarını səmərəli keçirirlər. Qonaqlar qeyd ediblər ki, ölkəmizdə yaradılan idman infrastrukturu müasirliyi ilə seçilir.

Daha sonra İlham Əliyev Qolf klubunun dünyanın müxtəlif ölkələrindən olan üzvləri ilə və Qolf Akademiyasında təhsil alanlarla görüşüb. Onlar da burada qolf oynamaq üçün hərtərəfli şəraitin yaradıldığını deyiblər.

Dövlət başçısı və qolf üzrə üç dəfə Major kubokun sahibi Kolin Montqomerie qolf meydançasının rəmzi açılışını bildirən lenti kəsiblər.

Kolin Montqomerie bildirib ki, burada yaradılan qolf sahəsi müasir dünya standartlarına cavab verir. Peşəkar Qolf Assosiasiyasının standartlarına tam uyğun olan və beynəlxalq təcrübə nəzərə alınaraq yaradılan qolf sahəsində 18 çuxur var. Ərazisi 65 hektar olan qolf sahəsindəki şərait beynəlxalq səviyyəli yarışların təşkilinə imkan verir. Burada yaradılan Qolf Akademiyasında kiçik yaşlarından başlayaraq uşaqlara peşəkarlar tərəfindən qolf öyrədiləcək, müxtəlif treninqlər keçiriləcək.

Sonra Kolin Montqomerie prezident İlham Əliyevə xatirə hədiyyəsi təqdim edib.

Daha sonra xatirə şəkli çəkdirilib.

Prezident İlham Əliyev layihə çərçivəsində inşa edilən villada yaradılan şəraitlə də maraqlanıb. Məlumat verilib ki, “Xəyal Adası”nda 2100 mənzil, fərqli ölçülərdə və konseptlərdə 300 villa inşa olunur. Onların hamısı müasir tələblərə cavab verir və yüksək keyfiyyətləri ilə seçilir. Buradakı villaların bir hissəsi artıq hazırdır, digərlərinin inşası davam edir. Yaşayış binalarında isə inşaat işləri gələn ilin ortalarında bitəcək. “Xəyal Adası” layihəsi burada yaşayacaq insanların bütün ehtiyaclarını ödəməyə hesablanıb. Yüksək standartlara cavab verən yaşayış, ticarət, əyləncə və idman sahələrindən ibarət “Xəyal Adası” şəhərciyi həm də ətraf ərazilərdə yaşayan insanlar üçün böyük məşğulluq mərkəzi olacaq.

Prezident İlham Əliyev tikinti işlərinin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq tapşırıq və tövsiyələrini verib.

Son xəbərlər

Orphus sistemi