Yuxarı
    Bağlamaq

    Prezident İlham Əliyev Xəzər Dəniz Gəmiçiliyinin yeni gəmilərinin istismara verilməsi mərasimində iştirak edib - YENİLƏNİB

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib

    İlk xəbər saat 10:18-də verilib

    Bakı. 18 noyabr. REPORT.AZ/ “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin “Rəşid Behbudov” sürətli sərnişin gəmisinin, “Gəncə” tankerinin və “Qafur Məmmədov” quru yük gəmisinin istismara verilməsi mərasimi olub.

    “Report” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

    “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev Prezident İlham Əliyevə yeni gəmilər barədə məlumat verib.

    Dövlət başçısı əvvəlcə “Gəncə” tankeri ilə tanış oldu. Bu tanker “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və “Caspian Marine Services” Alyansı tərəfindən sifariş olunan 2 yeni tankerdən biridir. Tanker 7 min ton yükgötürmə qabiliyyətinə malikdir. Uzunluğu 140,9, eni 16,7, saya oturumu isə 4,2 metr olan bu tanker Volqa-Don-Maks tipli, yəni, dayaz sularda üzməklə maksimum yükgötürmə qabiliyyətinə malikdir.

    “Gəncə” tankerinin texniki göstəriciləri onun gələcəkdə Xəzər hövzəsində dayaz limanlara daxil olmasına, eyni zamanda, Volqa-Don, Volqa-Balt kanallarında üzməsinə imkan yaradır. Bu tanker ən müasir avadanlıqla təchiz olunub. Hazırda Xəzər dənizində yükgötürmə qabiliyyətinə görə ən böyük tankerlər Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə məxsusdur və onlar 13 min ton dedveytə malikdir. Bu tankerlərin saya oturumu çox olduğundan onlar Xəzər dənizini xarici sularla əlaqələndirən Rusiyanın daxili su kanallarına, o cümlədən İran limanlarına yüklə daxil ola bilmirlər. Həcminin artması proqnozlaşdırılan maye yüklərin daşınmasını təmin etmək üçün “Gəncə” tipli tankerlərin böyük iqtisadi əhəmiyyəti var.

    Dövlət başçısı “Gəncə” tankerinin istismara verilməsini bildirən düyməni basıb.

    Prezident İlham Əliyevə bu günlərdə Bakı gəmiqayırma zavodunda tikintisinə dair müqavilə imzalanmış nadir Ro-Pax/Bərə tipli iki gəmi barədə məlumat verilib. Yeni nəsildən olan bu tipli gəminin konsepsiyasının hazırlanması üçün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC son 1 ildən artıq müddətdə Odessa Dəniz Mühəndisliyi Bürosunun təcrübəli mütəxəssisləri ilə uzunmüddətli texniki müzakirələr aparıb və Xəzər dənizində suyun səviyyəsi, yanalma körpülərinin maksimal imkanları nəzərə alınaraq, 100 sərnişin, 56 vaqon və ya 50 yük maşını (TIR) tutumlu gəminin eskiz və texniki layihəsi hazırlanıb. Bu cür nadir konsepsiyaya malik və yeni nəsildən olan ilk bərə tipli gəmilərin tikintisi müasir infrastruktura və potensiala malik Bakı gəmiqayırma zavodunda aparılacaq.

    Sonra Bakı gəmiqayırma zavodunda bu tipli daha 2 tankerin tikintisi üzrə sifarişlə bağlı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC ilə Bakı gəmiqayırma zavodu arasında müqavilə imzalanıb.

    Yeni tankerlər Xəzərdə suyun mövcud səviyyəsində, az saya oturumla maksimum çox yük götürə bilən nadir gəmilər olacaq. Belə ki, tankerin digər texniki xarakteristikaları eyni saxlanılmaqla, yükgötürmə qabiliyyətinin 8 min tonadək artırılmasına nail olunacaq. Yeni nəsil tanker ilk dəfə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin donanması üçün məhz Bakı gəmiqayırma zavodunda inşa ediləcək.

    Daha sonra Prezident İlham Əliyev burada Rəşid Behbudovun ailə üzvləri görüşüb.

    Dövlət başçısı görkəmli müğənninin ailə üzvləri ilə xatirə şəkli çəkdirib.

    “Rəşid Behbudov” gəmisinin istismara verilməsini bildirən rəmzi lent kəsilib.

    Prezident İlham Əliyevə məlumat verilib ki, 150 nəfər tutan “Rəşid Behbudov” sürətli sərnişin gəmisi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və “Caspian Marine Services” Alyansının sifarişinə əsasən tikilib. Gəmidə ulu öndər Heydər Əliyev ilə Rəşid Behbudovun görüşləri və dövlətimizin başçısı İlham Əliyevin dünya şöhrətli müğənninin Bakıda abidəsinin açılışı zamanı çəkilən fotolardan ibarət stend yaradılıb. Xəzərdə neft və qaz layihələrində rəqabətqabiliyyətli, beynəlxalq standartlara uyğun yüksək səviyyəli xidmətlərin göstərilməsi istiqamətində mühüm rol oynayacaq bu gəmi alüminium gövdəli sürətli sərnişin gəmilərinin tikintisi dünyada məşhur olan Avstraliyanın “Austal” gəmiqayırma zavodunda inşa edilib və sərnişinlərin, eləcə də kiçik həcmli yüklərin dəniz platformalarına təhlükəsiz çatdırılması üçün nəzərdə tutulub.

    Gəmidə sərnişinlərin rahatlığı üçün yüksək şərait yaradılıb, ən son beynəlxalq konvensiya tələblərinə uyğun səs və titrəmə izolyasiyası təmin edilib, istirahət sahələri quraşdırılıb. “Rəşid Behbudov” sürətli sərnişin gəmisi eyni tipli “Müslüm Maqomayev” gəmisi ilə bərabər BP şirkətinin sifarişlərini yerinə yetirəcək. Bütövlükdə alüminium təbəqələrdən yığılmış katamaran tipli gəmi saatda 60 kilometr sürət yığmaq imkanına malikdir. Onun uzunluğu 70, eni isə 16 metrdir. Gəmi ən müasir avadanlıqla, o cümlədən DP-2 dayanıqlı mövqeləndirmə sistemi, sərnişinlərin platformalara təhlükəsiz keçidi üçün xüsusi teleskopik körpü ilə təchiz olunub. Bu isə onun Beynəlxalq Dənizçilik konvensiyalarının tələblərinə tam səviyyədə cavab verməsini təsdiqləyir. Belə gəmilərdə xüsusi teleskopik körpünün istifadəsi dünyada ilk dəfə tətbiq olunur. Hazırda irimiqyaslı neft və qaz layihələrinə xidmət edən bir sıra digər gəmiçilik şirkətləri teleskopik körpü texnologiyasının tətbiqini Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin təcrübəsi əsasında öyrənir. Bu texnologiya platformaya yan almadan, heyətin gəmidən platformaya qalxma-enmə əməliyyatlarında təhlükəsizliyə etibarlı zəmin yaradır.

    Dünya şöhrətli müğənninin nəvəsi Rəşid Behbudov gəminin istismara verilməsini bildirən düyməni basıb.

    Görkəmli sənətkar Rəşid Behbudovun ailə üzvlərinə gəminin maketi hədiyyə olunub.

    Dövlət başçısı İlham Əliyevə yeni alınmış “Qafur Məmmədov” quru yük gəmisi barədə də məlumat verilib. Bu gəminin dedveyti 5,500 ton, uzunluğu 108,3, eni 16,5, saya oturumu isə 4,79 metrdir. Gəmi Xəzərdəki quru yük donanmasının yenilənməsi, hazırda balansda olan, maksimum yükgötürmə qabiliyyəti 3 min ton təşkil edən və istismar müddətini başa vurmuş gəmiləri yeniləməyə və növbəti illər ərzində Gəmiçiliyin quru yük daşımaları bazarında mövqeyinin sabitləşməsinə imkan yaradır. Eyni zamanda, belə gəmilərin istismara verilməsi strateji əhəmiyyətə malik Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə salınması nəticəsində ölkəmizin ərazisindən keçməklə daşınacaq tranzit yüklərin və konteyner həcmlərinin mənzil başına vaxtında çatdırılmasında da mühüm əhəmiyyət daşıyır. Ümumilikdə, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi 2014-2016-cı illər ərzində donanması üçün 5,500 ton yükgötürmə qabiliyyətinə malik 8 yeni quru yük gəmisi alıb. Hazırda Gəmiçiliyin Xəzərdən kənarda Azərbaycan bayrağı altında üzən gəmilərinin sayı 10-a çatıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi