Yuxarı

Prezident İlham Əliyev Şəki-Qax-Zaqatala avtomobil yolunun Şəki-Qax hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib

Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi

Bakı. 4 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəki-Qax-Zaqatala avtomobil yolunun Şəki-Qax hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib.

“Report”un xəbərinə görə, dövlət başçısına Şəki-Qax-Zaqatala avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində görülən işlər barədə məlumat verildi. Bildirildi ki, Şəki-Qax avtomobil yolu Böyük Qafqaz sıra dağlarının cənub ətəyində yerləşir və respublikanın ən böyük turizm marşrutlarından olan yolun bir hissəsidir. Uzunluğu 35 kilometr olan yolun 26 kilometri Şəki rayonunun, 9 kilometri isə Qax rayonunun ərazisinə düşür. Bu avtomobil yolu Şəki və Qax şəhərləri arasında nəqliyyat əlaqəsinin yaxşılaşmasına, hazırda istifadə olunan 77 kilometrlik məsafənin 42 kilometr qısalmasına imkan verir. Yolun əsas üstünlüyü isə onun 39 min nəfər əhalinin yaşadığı 22 yaşayış məntəqəsini əhatə etməsidir. 2011-ci ildən icrasına başlanan layihə iki mərhələdə həyata keçirilib. Birinci mərhələdə yolun uzunluğu 35 kilometr olan Şəki-Qax hissəsi, ikinci mərhələdə isə uzunluğu 28 kilometr olan Qax-Zaqatala hissəsi yenidən qurulub. Üçüncü texniki dərəcəli, ikizolaqlı yolun eni 12 metrdir.

Diqqətə çatdırıldı ki, yenidənqurma işləri zamanı yol üzərində 20 körpü, uzunluğu 1074 metr olan suötürücü borular, 12 avtobus dayanacağı tikilib, 176 yol nişanı quraşdırılıb. Bu yolun istismara verilməsi Bakıdan və digər bölgələrdən Zaqatala, Balakən rayonlarına, həmçinin qonşu Gürcüstana və əks istiqamətdə nəqliyyat vasitələrinin Qax şəhərinə daxil olmadan hərəkətinə imkan yaradacaq, Qax şəhərinin ekoloji təmizliyinə müsbət təsir göstərəcək.

Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyev inşaatçılarla xatirə şəkli çəkdirdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi