Prezident İlham Əliyev “Azərişıq” ASC-nin fəaliyyətinin təşkili haqqında sərəncam imzalayıb

Prezident İlham Əliyev “Azərişıq” ASC-nin fəaliyyətinin təşkili haqqında sərəncam imzalayıb Cəmiyyətin sədrinin və sədr müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi dövlət başçısının səlahiyyətlərinə aiddir
İnfrastruktur
4 May , 2015 19:27
Prezident İlham Əliyev “Azərişıq” ASC-nin fəaliyyətinin təşkili haqqında sərəncam imzalayıb

Bakı. 4 may. REPORT.AZ/ Prezident İlham Əliyev “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında sərəncam imzalayıb. 

"Report" xəbər verir ki, sərəncamla “Azərişıq” Açıq Səhmdar Cəmiyyətində (bundan sonra — Cəmiyyət) səhmdarların ümumi yığıncağının səlahiyyətlərini həyata keçirmək aşağıdakı dövlət orqanlarına həvalə edilib:

Nazirlər Kabinetinə Cəmiyyətin Nizamnaməsinin və strukturunun təsdiqi, nizamnamə kapitalının miqdarının, inkişaf strategiyasını müəyyən edilməsi, illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiqi, mənfəətinin və zərərinin bölüşdürülməsi, xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) bağlanmasına razılıq verilməsi, bu sərəncamda qeyd edilənlər istisna olmaqla, Mülki Məcəllə ilə səhmdarların ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli tapşırılıb. 

Əmlak Məsələləri Dövlət Komitəsinə Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının yaradılmasına və ya ləğvinə, törəmə cəmiyyətlərinin yaradılmasına, yenidən təşkilinə və ya ləğvinə razılıq verilməsi tapşırılıb.  

Cəmiyyətin sədrinin və sədr müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, Cəmiyyətin yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilməsi müəyyən edilib.

Nazirlər Kabineti həmçinin Cəmiyyətin Nizamnaməsini və strukturunu bir ay müddətində Prezidentlə razılaşdıraraq təsdiq etməli, Prezident aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etməli, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Prezidentə məlumat verməli, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətində Prezidentə məlumat verməli, eyni zamanda, bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Ədliyyə Nazirliyinə isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu sərəncama uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi