Prezident: "Azərbaycan tranzit daşımaları üçün ən mühüm nəqliyyat təyinat məntəqələrindən birinə çevriləcək"

Prezident: "Azərbaycan tranzit daşımaları üçün ən mühüm nəqliyyat təyinat məntəqələrindən birinə çevriləcək" "Biz tranzit fəaliyyətindən çoxlu qazanc əldə edəcəyik"
İnfrastruktur
18 Fevral , 2017 01:37
Prezident: Azərbaycan tranzit daşımaları üçün ən mühüm nəqliyyat təyinat məntəqələrindən birinə çevriləcək

Bakı. 18 fevral. REPORT.AZ/ "Hesab edirəm ki, biz enerji siyasətimizi uğurla həyata keçiririk. Bizim şaxələndirilmiş neft və qaz boru kəmərləri şəbəkəmiz var. Bizi Qara dənizlə birləşdirən iki neft boru kəmərimiz və Aralıq dənizi ilə birləşdirən bir boru kəmərimiz var. Bu, neft təchizatımızın şaxələndirilməsi deməkdir və o deməkdir ki, neft ehtiyatları qarşıdan gələn bir neçə onilliklər ərzində Azərbaycana xidmət edəcək".

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 8-də "Əl-Cəzirə" televiziyasına müsahibəsində deyib.

"Bu gün biz Avropanın ən nəhəng infrastruktur layihəsi və ya layihələrindən biri hesab olunan “Cənub Qaz Dəhlizi” layihəsini icra edirik. Bu, Azərbaycanı bizim qonşu ölkələr vasitəsilə Avropa bazarları ilə birləşdirən üç boru kəmərinin tikintisindən ibarətdir. Birinci boru kəməri Azərbaycan və Gürcüstan arasında olan Cənubi Qafqaz boru kəməridir. İkinci boru kəməri Trans-Anadolu kəməri - TANAP-dır. Bu boru kəməri Gürcüstan-Türkiyə sərhədindən Türkiyə-Yunanıstan sərhədinə qədər uzanaraq bütün Türkiyə ərazisindən keçir. Üçüncü boru kəməri isə Trans-Adriatik boru kəməri - TAP-dır. O da Yunanıstan-Türkiyə sərhədindən Albaniyaya, sonra isə Adriatik dənizinin dibi ilə İtaliyaya gedir. Beləliklə, bu, ayrı-ayrı hissələrə bölünmüş vahid boru kəməri layihəsidir", - deyə İlham Əliyev qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanın nəhəng qaz yatağının işlənilməsi bu layihəni Avropada ən böyük layihələrdən biri edir:

"Ümumi investisiyaların həcmi təxminən 40 milyard dollar və bəlkə də bundan da çox məbləğ səviyyəsində qiymətləndirilir. Bu layihə bizə Xəzər dənizinin Azərbaycana aid sektorundakı bütün qaz yataqlarımızın işlənilməsinə, eyni zamanda, boru kəmərinin marşrutu boyunca yerləşən ölkələri və Avropa istehlakçılarını qazla təchiz etmək imkanı yaradacaq. Çünki Avropanın daha çox qaza ehtiyacı var. Onun iqtisadiyyatı daha çox qaz təchizatını tələb edəcək və bu gün Avropanın qaz təchizatları mövcud mənbələrlə məhdudlaşır. Beləliklə, bizim mənbə yeni və böyük mənbədir. Bu layihədə biz liderliyi öz üzərimizə götürdük və ümidvarıq ki, gələn il Cənub Qaz Dəhlizinin 4 seqmentindən 3-ü icra olunacaq. Sonuncu seqment olan Trans-Adriatik boru kəmərinin tamamlanması üçün bir az artıq vaxt tələb olunacaq. Bu, enerji təhlükəsizliyi layihəsidir və enerjinin şaxələndirilməsi bizə imkan verəcək ki, ən azı 100 il istehlakçıları qaz ilə təchiz edək".

Biz indi Xəzər dənizində 25 milyon ton yükaşırma qabiliyyəti olan ən böyük dəniz limanı inşa edirik, 6 beynəlxalq hava limanı tikmişik və Azərbaycan artıq hava nəqliyyatı qovşağına çevrilir. Biz Azərbaycanı bütün qonşu ölkələrlə birləşdirən avtomagistral yolları inşa etmişik. Biz daha sürətli çatdırmaya nail olmaq üçün dəmir yollarımızı müasirləşdiririk. Eyni zamanda, biz gəmiqayırma zavodu tikmişik. Bu zavodda indi bizim Xəzər dənizindəki ehtiyaclarımız üçün gəmi və tankerlər istehsal olunur.

İlham Əliyev bildirib ki, hazırda “Şərq-Qərb Nəqliyyat Dəhlizi” layihəsini icra olunur:

"Çindən gələn ilk konteyner qatarı artıq Azərbaycan ərazisindən Avropaya keçib. Ümid edirik ki, bu il biz Asiyadan Avropaya birbaşa nəqliyyat şəbəkəsinin açılışını edəcəyik. Bu da məsafəni iki dəfə, 30-35 gündən 14 günə - məhz iki həftəyə qədər azaldacaq. Biz indi, eyni zamanda, qonşularımızla Cənub-Şimal dəhlizi üzərində işləyirik. Bu layihə Azərbaycana Pakistan, Hindistan, Şimali Avropa üçün böyük tranzit ölkəsinə çevrilmək imkanını verəcək. Biz Cənub-Şimal dəhlizi layihəsi ilə bağlı öhdəliyimizi artıq yerinə yetirmişik. Biz lazım olan infrastruktur və dəmir yolu xətlərini tikmişik. Qonşularımızın da öz ərazilərində fəaliyyətlərini və işlərini başa çatdırmasını gözləyirik. Buna görə də bir neçə ildən sonra Azərbaycan tranzit daşımaları üçün ən mühüm nəqliyyat təyinat məntəqələrindən birinə çevriləcək və biz tranzit fəaliyyətindən çoxlu qazanc əldə edəcəyik. Burada söhbət təkcə qazancdan getmir, çünki tranzit fəaliyyəti həm də əməkdaşlıq deməkdir. Çünki qonşularınızla belə münasibətdə olduqda siz sabitliyə, əməkdaşlığa, proqnozlaşdırıla bilinməyə investisiya qoymuş olursunuz. Regiondakı bütün ölkələr bir-birinə bağlı olur. Bu da yaxşı haldır. Çünki bu, sabitlik amillərindən biridir. Beləliklə, bizim enerji və nəqliyyat təhlükəsizliyi ilə bağlı siyasətimiz həqiqətən də regional sabitlik işinə böyük töhfədir".

Son xəbərlər

Orphus sistemi