Yuxarı
    Bağlamaq

    Azərbaycanlı pilot: “Bizdə qanun qanla yazılıb” - MÜSAHİBƏ

    “Avtomobillə səyahət zamanı qəzaya düşmək ehtimalı daha çoxdur”

    “Təyyarə göyərtəsində olanda kapitanla eyni qidanı qəbul edə bilmərəm”

    Bakı. 20 sentyabr. REPORT.AZ/ Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin pilotu Cavidan Hüseynlinin “Report”a müsahibəsi

    - Əvvəlcə özünüz haqda qısaca məlumat verməyinizi xahiş edirik.

    - Mən Cavidan Nazim oğlu Hüseynli 1988-ci il mayın 21-də Bakı şəhərində anadan olmuşam. 2005-ci ildə Azərbaycan Milli Aviasiya Akademiyasına daxil olmuşam. 2010-cu ildə Milli Aviasiya Akademiyasını qırmızı diplom və fərqlənmə ilə bitirmişəm. 2011-ci ildən hərbi xidmətdən qayıtdıqdan sonra AZAL-da mühəndis-pilot kimi fəaliyyət göstərirəm. 2011-ci ildə təlim uçuşlarını “Cessna 172 F” təyyarəsində yerinə yetirmişəm. Təxminən bir il sonra “Boing 757” təyyarəsində uçuşlar həyata keçirməyə başlamışam. Hazırda dünyanın ən müasir təyyarəsi olan “Boing 787”də ikinci pilot olaraq fəaliyyət göstərirəm.

    - Bəs sizdə bu peşəyə maraq hardan yarandı?

    - Uşaqlıqdan pilot olmaq arzum olub. İstəmişəm ki, hər insanın yerinə yetirə bilmədiyi bir peşənin sahibi olum. Bu gün mənə elə gəlir ki, arzuma artıq çatmışam.

    - Bunun ən çətin peşələrdən biri olduğunu düşünürsünüzmü?

    - Bəli, ən çətin və ən maraqlı peşələrdən biri pilotluqdur.

    - Ümumiyyətlə, bu işə başlamaq qərarına necə gəldiniz? İlham aldığınız kimlərsə olubmu?

    - İlham aldığım kimlərsə deyil, nələrsə olub. Göydə quş tək uça bilən təyyarə... Uşaqlıqda hər zaman göydə uçan təyyarələrə baxıb həsəd aparmışam. Göy üzündə bu görüntülər çox gözəl mənzərə yaradır, iz buraxır. O izin nə olduğunu həmin vaxtlarda başa düşməkdə çətinlik çəkdiyim üçün bu gün pilotam.

    - İlk uçuşunuzu necə xatırlayırsınız?

    - İlk uçuşum bir mühərrikli “Cessna 172 F” təyyarəsində baş verib. Bu kiçik təyyarədə təlim uçuşu olub. İlk olduğundan da uçuşum çox böyük həyəcanla, çətinliklə olub. Pilotların arasında zarafatyana belə bir deyim var: “gözlərim kvadrat”. Həmin vəziyyətdə bu uçuşu yerinə yetirmişəm. Amma hazırda peşəkarlıq dərəcəsinə yaxınlaşmışam.

    - Bu peşəni seçdiyiniz üçün peşman olduğunuz anlar olub?

    - Peşman olduğum an olmayıb. Çünki insan yalnız öz sevmədiyi sahədə və işdə çalışanda peşmançılıq hissi keçirə bilər. Mən isə bu peşənin ardınca illər boyu qaçmışam, əmək vermişəm, çalışmışam. Ona görə də heç vaxt peşman ola bilmərəm.

    - Bir qədər də uçuşqabağı proses, uçuş və uçuş ərəfəsi ilə bağlı məlumat verərdiniz. 

    - Biz uçuş həyata keçirəcəyimiz gün evdən çıxmamışdan əvvəl hər bir xırda məqamə fikir veririk. Evdən çıxanda qəbul etdiyimiz qidaya qədər diqqət yetiririk. Uçuşa hazırlaşmaq üçün iki saat öncədən hazırlaşma məntəqəsinə gəlirik. Hər uçuşdan əvvəl həkim müayinəsindən keçirik. Həkimlər uçuş fəaliyyətini yerinə yetirmək vəziyyətində olduğumuza xüsusi nəzarət edir. Xəstə və ya düzgün formada göründüyümüz halda bizi uçuşdan kənarlaşdırırlar. Yeni pilotla əvəzlənirik. Eyni zamanda, pilotun özü də uçuşa yararsız olduğu halda heç vaxt uçuşu yerinə yetirmir. Çünki bizim idarə etdiyimiz təyyarədə təxminən 210 nəfərin həyatına cavabdehlik daşıyırıq. Bu səbəbdən pilotlar buna çox ciddi nəzarət edirlər. Həkim müayinəsindən sonra lazım olan sənədləri, yəni bizə A nöqtəsindən B nöqtəsinə çatmaq üçün uçuş tapşırığı, uçuş istiqamətində olan marşrut və s. tələb edilən bütün sənədləri götürüb təyyarəyə qalxırıq. Bu sənədlərlə tanış olub, düzgün olub-olmadıqlarını yoxlayırıq.

    - Uçuş həyata keçirdiyiniz xarici ölkələrdə pilotların da sənədlərini yoxlayırlar?

    - Bəli. Yoxlama gəldiyi təqdirdə kapitan və ikinci pilot sənədlərini təqdim etməlidir. Hər uçuşda yoxlama olmasa da, bir və ya hər üç aydan bir bu proses mütləq şəkildə olur. Eləcə də Azərbaycana gələn pilotların sənədləri bu qaydada yoxlanılır.

    - Təyyarəni endirmək yəqin qaldırmaqdan daha çətin olar...

    - Təyyarəni endirmək havaya qaldırmaqdan daha çətin sayılır. Çünki havaya qalxdıqda təyyarənin sürtünmə qüvvəsi yerlədir, amma eniş edəndə təyyarənin müqaviməti yerlə olmur. Biz yalnız havada oluruq. Bu səbəbdən təyyarəni yerdə idarə etmək daha asandır, nəinki göydə. Amma yenə də hər şey təyyarəni və uçuşu tənzimləməkdən asılıdır.

    - Təyyarə uçuşa hazırlaşanda və göyə qalxanda bələdçilər sərnişinlərdən telefonları söndürməyi tələb edir və bunun təhlükəsizlik üçün olduğunu bildirirlər. Telefonların söndürülməməsi təyyarə və uçuşa necə təhlükə yarada bilər?

    - Hətta pilotların telefonları belə söndürülmüş və ya avtonom rejimdə olur. Çünki telefonlarda 3G, WiFi-la əlaqə yaratmaq təyyarənin hansısa naviqasiya funksiyasına müdaxilə edə bilər. Düzdür, hələlik belə bir halla rastlaşmamışam. Amma necə deyərlər hər şey bir dəfə olur. Ehtiyatı əldən verməmək bizim işimizdir.

    - Ümumiyyətlə, uçuş vaxtı hər hansı bir təhlükə ilə üzləşmisinizmi?

    - Adi sərnişinlərin və pilotların təhlükə barədə fikirləri tamamilə ayrıdır. Məsələn, pilotların təhlükə saymadığı hava turbulentliyi sərnişlər üçün çox təhlükəli görünür. Hətta kiminsə bu vəziyyətlərdə halı pisləşir, ürəyi qalxır. Biz pilotlar üçün isə bu çox adi bir haldır. Yenə də maksimum dərəcədə sərnişinlər üçün komfortlu uçuş şəraiti yaratmağa çalışırıq. Pilotlar üçün təhlükə isə ildırım çaxması sayılır. Məsələn, əgər burulğan başlayırsa, biz təyyarənin hündürlüyünü, istiqamətini dəyişirik. Onlardan uzaq keçməyə çalışırıq. İldırım çaxarkən belə uçuş həyata keçirmişəm. Amma ildırım bizim təyyarənin üstündə yox, yanında çaxıb. Eyni zamanda, pilotlar üçün təhlükə sərnişinlərin düşünmədikləri hava şəraitinin, küləyin dəyişməsi kimi məqamlar da sayılır. Küləyin dəyişməsi pilotlar üçün çox ciddi hal hesab edilir. Bu vəziyyətdə pilotlar ani reaksiya göstərməlidirlər.

    - Təyyarəni idarə etmək asandır, yoxsa gəmi və ya qatarı?

    - Bildiyimə görə, gəmini, yaxud qatarı saxlamaq məsafəsi təyyarəni yerdə saxlamaq məsafəsindən qat-qat çoxdur. Amma təyyarənin sürtünmə nöqtəsi, dayandığı qüvvə havadır. Havada isə ani olaraq çox şey baş verə bilər. Yəni külək dəyişməsi, hava boşluğu və s. Ancaq gəmidə, qatarda bu kimi maneələr yoxdur.

    - Yəqin uçuş zamanı pilotlar qida qəbul edir. Maraqlıdır, hansı yeməkləri və necə yeyirsiniz?

    - Bütün aviasiya və “Azərbaycan Hava Yolları”nın qanunlarının belə bir tərifi var: “Qanun qanla yazılıb”. Bu qanunlardan kənara çıxmaq qəti qadağandır. Təyyarənin təhlükəsizliyini təmin etmək üçün bizə zərər dəyməməlidir. Mən təyyarə göyərtəsində olanda kapitanla eyni qidanı qəbul edə bilmərəm. Yeməklərimizə xüsusi diqqət yetirilir. Yəni pilotların hər ikisinin də zəhərlənib sıradan çıxmaması üçün ayrı-ayrı yeməklər verilir. Pilotlara “Special meal” yeməkləri verilir. Bu yeməklər tam fərqli üsulda bişirilmiş olur. Uçuş zamanı təxminən 3 km hündürlük yığdıqdan sonra təyyarədə avtopilot qoşulur. Bundan sonra pilotlar yemək yeyə bilərlər. Əlbəttə, kabinədə və sıra ilə qida qəbul edirik.

    - Xarici nəşrlərdən birinin yazdığına görə, təyyarələrdə su çəni tualetlə yanaşı olur. Ona görə də təyyarədə bələdçilərin stəkanla gətirdiyi suyu içmək düzgün deyil, su qapalı qabda gətirilməlidir. Bu, nə qədər düzgün məlumatdır?

    - Düzgün fikir deyil. Təyyarədəki su içməlidir. Təyyarənin çənində olan su hər uçuşdan sonra tam boşaldılır və yenidən doldurulur. Ayda bir dəfə isə təyyarənin çəni yoxlanılır və yuyulur. Biz pilotlara belə təyyarənin çənindəki sudan çay hazırlanırsa, deməli, bu su təmiz və təhlükəsizdir. Həmin suyu da rahatlıqla içmək olar.

    - Avtopilotdan nə zaman istifadə edirsiniz?

    - Avtopilot təyyarədə pilotun işini yüngülləşdirmək üçün yaradılıb. Təyyarə yerdən qalxanda avtopilotdan istifadə etmək olmaz. Avtopilot qaldırmağı bacarmasa da, təyyarəni yerə endirməyi bacarır. Yerdən qalxdıqdan sonra yeni təyyarələrdə təxminən 60 m hündürlükdə avtopilotu qoşmaq olar. Amma biz sərnişinlərin rahatlığına önəm verdiyimizə görə hündürlüyü daha çox yığırıq. Sərnişinlərdə narahatçılıq yaranmasın deyə təyyarənin həm idarəsini, həm də endirilməsini özümüz yerinə yetiririk. Ancaq ümumilikdə neçə saat uçuş olursa, avtopilot da o qədər təyyarəni idarə edə bilir.

    - Uzunmüddətli səfərə çıxan təyyarələr yanacaqla necə təmin edilir?

    - Uçuşdan əvvəl tanış olub, yoxladığımız sənədlərdə təyyarədə nə qədər yanacağın olduğu da qeyd edilir. Bizim sənədlərdə qeyd olunan rəqəmlərə əlavə etməyə icazəmiz var. Məsələn, əgər sənədlərdə yanacaq 30-40 tondursa, biz 4-5% daha əlavə edə bilirik. Təyyarədə lazımi qədər yanacaq olur. Məsələn, Bakıdan götürdüyümüz yanacaqla Londandan geri qayıda da bilərik.

    - Bəs getdiyiniz ölkələrdə gəzməyə imkanınız olur və ya ölkəyə dönüşə hazırlıq vaxtı asudə vaxtlarınızı necə keçirirsiniz?

    - Biz gözləmə və asudə vaxtımız az olanda onun ən azı 40 dəqiqəsini, yaxud bir saatını təyyarəni geri uçuşa hazırlamağa həsr edirik. Ümumi təyyarənin daxili və xarici yoxlanışı aparılır, salonu təmizlənir, belədçi və pilotlar arasında brifinq keçirilir. Bakı-London kimi uzunmüddətli uçuşlar zamanı qanunla təyyarəni geri qaytarmağa icazəmiz yoxdur. Biz Londonda bir gecə qalıb dincəlməliyik. Təyyarəni isə digər heyət üzvləri Bakıya geri qaytarır. Bu zaman şəhəri gəzməyə həm icazəmiz, həm də vaxtımız olur.

    - Pilot kimi fəaliyyətə başlayandan sonra sərnişin kimi təyyarə ilə harasa getmisinizmi?

    - Bəli, çox getmişəm. İstirahətlə, işimlə bağlı ezamiyyətə və treninqlərə gedirəm.

    - Hər zaman qəza baş verəndə təyyarənin quyruq hissəsinin daha təhlükəsiz olduğu deyilir. Bu doğrudurmu?

    - Nəinki təyyarənin bütün göyərtəsi, özü də tam təhlükəsiz sayılır. Ümumiyyətlə, təyyarənin qəza şəraiti sıfır dərəcədədir. Təyyarənin quyruq hissəsi isə daha çox statistik cəhətdən təhlükəsiz sayılır.

    - Bəs təyyarələrin qəzaya düşmə ehtimalı neçə faizdir?

    - Təyyarənin qəzaya düşmə ehtimalı təxminən sıfır dərəcəyə bərabərdir. Çünki dünyada təyyarələrlə bir gündə minlərlə uçuş yerinə yetirilir. Onlardan yalnız biri qəza şəraitinə düşə bilər. Qəza şəraitində də təyyarənin qəza etdiyini demək olmaz. Xeyr, təyyarə qəza etmədən də yerə eniş edə bilər. Avtomobillə səyahət etdiyimiz zaman qəzaya düşmək ehtimalı daha çoxdur, nəinki təyyarədə.

    - Yerdə olduğu kimi, göydə yol işarələri yoxdur, pilotlar uçacağı istiqaməti necə müyyənləşdirirlər?

    - Təyyarədə koordinatları göstərən xüsusi monitorlar var. Biz lazımi koordinatları uçuşdan əvvəl buraya daxil edirik, həmin nöqtələr vasitəsilə gedəcəyimiz istiqamət üzrə xüsusi GPS-lə hərəkət edirik.

    FOTO: Firi Salim

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi