“Petlim”in II fazası tamamlanıb

“Petlim”in II fazası tamamlanıb Limanın ümumi saxlama gücü 1,5 mln. TEU-ya çatıb
İnfrastruktur
18 Sentyabr , 2017 13:57
“Petlim”in II fazası tamamlanıb

Bakı. 18 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İzmirin Petkim yarımadasındakı “Petlim” konteyner terminalı layihəsinin II fazasının inşası tamamlanıb.

“Report” xəbər verir ki, inşaatın tamamlanaraq limanın idarəçisi olan “APM Terminals” şirkətinə təhvil verilməsi çərçivəsində tədbir keçirilib.

Tədbirdə “Petlim”in baş direktoru Doğan Çırakoğlu bildirib ki, liman Türkiyənin ən böyük birbaşa xarici sərmayəçisi olan SOCAR-ın inteqrasiya planının logistika qanadını təşkil edir. Baş direktor qeyd edib ki, II fazanın tamamlanması ilə liman dünyanın ən böyük konteyner gəmilərinin yanaşa biləcəyi gücə çatıb və bütün Egey dənizi bölgəsinin ixracatı üçün lazımi logistikanı təmin edə biləcək vəziyyətə gəlib. “Petlim”in inşaatı 8,5 mln. adam/saat iş görülərək tamamlanıb.

“Petlim” II fazasının tamamlanması ilə ümumi 1,5 mln. konteyner (TEU) gücünə çatıb.

Qeyd edək ki, ötən il dekabrın 6-da “Petlim” konteyner limanına ilk konteyner gəmisi daxil olub. Bununla “Petlim”in I fazası fəaliyyətə başlayıb. I faza 2015-ci ilin sonunda tamamlanaraq "APM Terminals" şirkətinin idarəçiliyinə təhvil verilib. “Petlim Limancılık Ticaret A.Ş.” şirkətinin 1,5 mln. konteyner saxlama gücünə malik terminalın I mərhələsinin potensialı 800 min konteynerdir. “Petlim Limancılık Ticaret A.Ş.”də “Petkim Holding” 70%, ABŞ-ın “Goldman Sachs” investisiya bankı 30% paya malikdir.

Liman hələ layihə mərhələsində olarkən “APM Terminals” şirkəti tərəfindən layihə tamamlandıqdan sonra 28 il müddətində istismar edilməsi üçün müqavilə imzalanıb.

"Petlim" Türkiyə hökuməti tərəfindən dəstəklənən böyük ölçülü təşviq sənədi çərçivəsində dəstəklənir.

"Petlim" 450 mln. dollar investisiya ilə həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi