Yuxarı

"Pegasus" Azərbaycanın bölgələrdəki aeroportlarından yeni reyslər aça bilər

İsmayıl Məmmədov: Hər şey tələbdən asılıdır

Bakı. 24 fevral. REPORT.AZ/ Türkiyənin “Pegasus” aşağıbüdcəli aviaşirkəti gələcəkdə Azərbaycanın digər bölgələrindəki beynəlxalq hava limanlarına da uçuşlar təşkil edə bilər. Yerli bazarda tələb yaranarsa, uçuşların sayı da artırıla bilər. "Report"un xəbərinə görə, bunu “Pegasus” şirkətinin Azərbaycanda fəaliyyətini reallaşdıran "Baku Trans" MMC-nin rəhbəri İsmayıl Məmmədov məlumat verib.

Qiymətlərin münasib olacağı təqdirdə, Azərbaycanın digər beynəlxalq hava limanlarından da uçuşların yerinə yetirilməsinin mümkün olduğunu deyən İ.Məmmədovun fikrincə, "Pegasus" kimi aşağıbüdcəli aviaşirkətlər əsasən ikinci dərəcəli hava limanlarından uçmağa üstünük verir: "Çünki belə aeroportlarda vergi yığımları yüksək olmur". 

"Qeyd edim ki, əksər insanlarda aşağıbüdcəli aviaşirkət dedikdə dərhal onun təyyarələrinin köhnə olduğu barədə fikir formalaşıb. Lakin, məsələn, “Pegasus” uçuşlara 14 təyyarə ilə başlayıb və hazırda 68 təyyarəsi var. Onlardan ən köhnə olanının 5,5 yaşı var. Yaxın bir neçə ildə aviaşirkət təyyarələrin yaşını 5-dən daha aşağı endirəcək. Biz dünyanın 41 ölkəsindən 103 istiqamət üzrə uçuşlar həyata keçiririk", - deyə İ.Məmmədov qeyd edib.

Şirkət rəsmisi “Pegasus”un yerli turizm şirkətləri ilə sıx əməkdaşlığa başladığını açıqlayıb. Onun fikrincə, ölkədə fəaliyyətə başlayanda turizm şirkətlərinin köməyi olmadan aviaşirkət yüksək satış həyata keçirə bilməz: "Şirkətlərə təqdim olunan qiymətlər müəyyən qədər endirimli olacaq. Həmçinin, turizm şirkətləri qrup şəklində gətirdikləri sərnişinlərə görə də endirimlər əldə edəcək. Onlarla işbirliyi olmadan fəaliyyət göstərmək olmaz. Buna görə də "Pegasus"un saytından əlavə, sərnişinlər turizm şirkətləri vasitəsilə də bilet ala bilərlər".

"Azərbaycan Hava Yolları"nın bu günlərdə yaratdığı “AZALJET” aşağıbüdcəli şirkəti ilə bağlı İ.Məmmədov bildirib ki, onun da bazara daxil olması aşağı büdcəli şirkətlər arasında rəqabəti artıracaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi