Paytaxtın şimal girişində tıxacı azaltmaq üçün tikinti işləri aparılır

Paytaxtın şimal girişində tıxacı azaltmaq üçün tikinti işləri aparılır Artıq bu istiqamətdə işlərə start verilib və yerüstü piyada keçidinin yeni dayaqlarının tikintisi aparılır
İnfrastruktur
1 Mart , 2016 15:16
Paytaxtın şimal girişində tıxacı azaltmaq üçün tikinti işləri aparılır

Bakı. 1 mart. REPORT.AZ/ Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun Xırdalan dairəsi istiqamətinə olan hissəsinin 9-cu kilometrliyində yerləşən yerüstü piyada keçidinin dayaqlarının sökülməsi planlaşdırılır. Artıq bu istiqamətdə işlərə start verilib və yeni dayaqların tikintisi aparılır. Yeni dayaqların tikintisi başa çatdıqdan sonra mövcud keçidin yeni dayaqlara doğru tikilərək uzadılması, yeni giriş hissənin tikintisi planlaşdırılır. İşlər tam başa çatdıqdan sonra piyada keçidinin köhnə giriş hissəsi və dayaqları söküləcək. Bununla da həmin hissədə yol 5-6 metr genişlənəcək, yolun hərəkət hissəsi isə əlavə 1 hərəkət zolağı enində genişləndirilərək 4 hərəkət zolağına çatdırılacaq. Bu barədə "Report"a "Azəryolseervis" ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Bundan sonra yolun Xırdalan dairəsinə doğru olan hissəsinin də 1 hərəkət zolağı enində genişləndirilməsi işləri aparılacaq. Sözügedən işlər 1 200 metrlik ərazini əhatə edəcək. Aparılacaq təmir-tikinti işləri çərçivəsində yol kənarlarında səth sularının normal kənarlaşdırılması üçün suötürücü küvetlər də tikiləcək.

Yerüstü piyada keçidinə çatmamış yolun kənarında təqribən 150 metr uzunluğunda, 10-15 metr enində olan süni təpəciyin sökülməsi işləri də tam olaraq yekunlaşdırılıb. Hazırda sökülən süni təpəciyin yerində yeni yol əsası tikilir. İşlər başa çatdıqdan sonra bu hissədə yolun daha 2 hərəkət zolağı enində genişləndirilməsi planlaşdırılır.

Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun 9-11-ci km hissəsində aparılan işlər yekunlaşdıqdan sonra analoji işlərin əks istiqamətdə, yəni Xırdalan dairəsindən Bakı şəhərinə doğru zəruri olan hissələrində də aparılması nəzərdə tutulub.

Vətəndaşların təhlükəsizliyi nəzərə alınaraq “Azəryolservis” ASC tərəfindən yolun 6-11-ci km hissəsində yol ayrıcında quraşdırılmış əyri xətli dəmir tirlərin sökülərək, beton arakəsmələrlə əvəzlənməsi işləri də davam etdirilir. Artıq yolun 3 km-lik hissəsində bu işlər icra olunub. Sözügedən işlər zamanı da yolun hərəkət hissəsi 3 metrə qədər genişlənir.

"Beton arakəsmələr dəmir tirlərdən daha təhlükəsizdir. Çünki betonun aşağısında xüsusi təkərqaytaran hissə-deflektor mövcuddur. Yol qəzaları zamanı nəqliyyat vasitələrinin beton maneə ilə toqquşması əksər vaxtlarda 12 dərəcə bucaq altında baş verir. Nəticədə, nəqliyyat vasitəsi təkərqaytarana dəyərək geriyə, yolun hərəkət hissəsinə qayıdır və bir-çox hallarda beton maneə ilə birbaşa toqquşma qeydə alınmır", - deyə şirkətdən bildirilib.

Xatırladaq ki, bundan öncə Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına (2014-2018-ci illər) uyğun olaraq Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun 6-9-cu km hissəsində “Azəryolservis” ASC tərəfindən aparılmış yenidənqurma işləri çərçivəsində yol 2-4 hərəkət zolağı enində genişləndirilib. Bu isə həmin ərazidə yaranan tıxacın xeyli azalmasına gətirib çıxarıb.

Son xəbərlər

Orphus sistemi