Nizami rayonunda "Kütləvi çıxarış" kampaniyası keçirilib

Nizami rayonunda "Kütləvi çıxarış" kampaniyası keçirilib Kampaniya çərçivəsində qanunla müəyyən edilmiş dövlət rüsumu və xidmət haqqı ödənilməklə çıxarış verilib
İnfrastruktur
30 Yanvar , 2016 16:26
Nizami rayonunda Kütləvi çıxarış kampaniyası keçirilib

Bakı. 30 yanvar. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi Bakı şəhərinin Nizami rayonunun sakinləri üçün "Kütləvi çıxarış" kampaniyası keçirib. Qurumdan "Report"a daxil olan xəbərə görə, Nizami rayonunda yerləşən bir neçə çoxmənzilli yaşayış binasının 100-ə yaxın sakininə daşınmaz əmlakın qeydiyyatı xidmətləri göstərilib və çıxarışlar təqdim olunub.

Kampaniya çərçivəsində qanunla müəyyən edilmiş dövlət rüsumu və xidmət haqqı ödənilməklə çıxarış verilir.

Kampaniya nəticəsində qeydiyyat xidmətləri Komitənin mobil ofisləri vasitəsilə vətəndaşlara birbaşa ünvanlarında çatdırılıb. "Kütləvi çıxarış" kampaniyasının digər mühüm üstünlüyü bütün qeydiyyat xidmətlərinin "bir pəncərə" prinsipi əsasında göstərilməsidir.

Komitənin hüquqşünasları tərəfindən kampaniya çərçivəsində vətəndaşlara hüquqi yardımlar göstərilib. Bildirilib ki, bəzi hallarda vətəndaşlar çıxarış almaq üçün daşınmaz əmlakın dövlət reyestri ilə bağlı qanunvericiliyə cavab verməyən ilkin hüquqmüəyyənedici sənədlərlə müraciət edirlər. Belə ki, təyinatınazidd torpaqlarda aparılmış tikintilərə dair sənədlər, torpaqayırma qaydalarına, tikintiyə icazə verilməsi barədə hüquqi tələblərə uyğun olmayan sənədlərlə edilən müraciətlərə rast gəlinir. Müxtəlif daşınmaz əmlaklar barədə təyinatına zidd sənədlər təqdim olunur. Vətəndaşlar isə belə sənədlər əsasında onlara çıxarış verilməsini tələb edirlər. Aparılan hüquqi maarifləndirmə aksiyası çərçivəsində belə məsələlərlə bağlı vətəndaşlara izahlar verilib, daşınmaz əmlakın qeydiyyatı haqqında qanunvericiliyin tələbləri çatdırılıb. Onlara qeydiyyat prosedurları, zəruri sənədlər, daşınmaz əmlakın qeydiyyatının üstünlükləri, sosial-iqtisadi faydaları, və digər məsələlər izah edilib.

Xatırladaq ki, “Kütləvi çıxarış” kampaniyası növbəti həftələrdə də Bakı və regionlarda davam etdiriləcək. İndiyədək kampaniya sayəsində 6500-ə yaxın vətəndaş Komitənin qeydiyyat xidmətlərindən yararlana bilib.

Son xəbərlər

Orphus sistemi