Yuxarı

Nəqliyyat Nazirliyinin daha bir səlahiyyətinin ləğvi məsələsinə aydınlıq gətirilib

Dövlət Avtomobil Nəqliyyatı Xidməti hökumətin qərarının səhv anlaşıldığını bildirir

Bakı. 3 may. REPORT.AZ/ "Nazirlər Kabinetinin 52 nömrəli qərarındakı dəyişiklik bəzi informasiya portallarında yalnış izah olunub. Əslində, dəyişikliyə əsasən, bundan sonra Bakı, Sumqayıt və Gəncə şəhərlərində yalnız şəhərdaxili sərnişindaşımaya münasibətdə sifarişçi qismində müvafiq olaraq Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi və Gəncə şəhər İcra Hakimiyyəti yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi çıxış edir".

"Report" xəbər verir ki, hökumətin qərarındakı dəyişikliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəhbəri Şəfa Mehmanqızı şərh yazaraq bildirib.

"Ümumilikdə, avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqəni (Bakı, Sumqayıt və Gəncə şəhərlərinin şəhərdaxili sərnişindaşıması istisna olmaqla) Nəqliyyat Nazirliyi həyata keçirir", - deyə Ş.Mehmanqızı bildirib.

Xatırladaq ki, mayın 2-də Nazirlər Kabineti "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"nda dəyişikliklər edib. Bu Qaydalar Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişin daşımalarının yerinə yetirilməsi üçün xüsusi razılıq (lisenziya) almış Azərbaycanın avtomobil nəqliyyatı daşıyıcıları tərəfindən avtomobil nəqliyyatı vasitələri ilə sərnişin daşımalarının yerinə yetirilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir, habelə avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşımalarının həyata keçirilməsi qaydası və şərtlərini, sərnişinlərin, avtomobil daşıyıcılarının, daşımaların sifarişçilərinin və təşkilatçılarının hüquqlarını və vəzifələrini müəyyən edir.

Hər bir sərnişin avtonəqliyyat vasitəsi qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmalı və dövlət qeydiyyat nişanı ilə təchiz olunmalıdır. İndiyə qədər ümumi istifadədə olan sərnişin avtonəqliyyat vasitələrinin, o cümlədən taksi minik avtomobillərinin müvafiq texniki normaların və standartların tələblərinə uyğunluğu və texniki cəhətdən saz vəziyyətdə olması Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) tərəfindən qanunla müəyyən edilmiş hallarda dövlət texniki baxışın keçirilməsi, lisenziya kartı verilərkən, habelə lisenziya kartı verildikdən sonra Nəqliyyat Nazirliyinin səlahiyyətli qurumu tərəfindən rübdə bir dəfə sərnişin avtonəqliyyat vasitəsinin texniki, istismar, təhlükəsizlik və ekoloji tələblərə uyğunluğunun yoxlanılması, habelə sərnişin avtonəqliyyat vasitəsinin texniki vəziyyətinin reysqabağı yoxlanılması haqqında sənədlərlə təsdiq edilməli idi. Dəyişikliyə əsasən, bundan sonra lisenziya kartı verildikdən sonra Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazilərində avtomobil nəqliyyatı ilə sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində müvafiq olaraq Bakı Nəqliyyat Agentliyi, Sumqayıt və Gəncənin Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma idarələri, Azərbaycanın digər ərazilərində isə Nəqliyyat Nazirliyinin səlahiyyətli qurumu tərəfindən rübdə bir dəfə sərnişin avtonəqliyyat vasitəsinin texniki, istismar, təhlükəsizlik və ekoloji tələblərə uyğunluğunun yoxlanılması, habelə sərnişin avtonəqliyyat vasitəsinin texniki vəziyyətinin reysqabağı yoxlanılması haqqında sənədlərlə təsdiq edilməlidir.

Qaydaya əsasən, müntəzəm marşrutların açılmasına yalnız onların keçəcəyi yolların vəziyyəti, hərəkətin təhlükəsizliyinin, habelə bu marşrutlarda istismar ediləcək avtonəqliyyat vasitələrinin daşımalara yararlığının təmin olunması baxımından Nəqliyyat Nazirliyinin səlahiyyətli qurumu və BDYPİ tərəfindən birgə yoxlanıldıqdan sonra icazə verilib. Dəyişikliyə əsasən, bundan sonra müntəzəm marşrutların açılmasına yalnız onların keçəcəyi yolların vəziyyəti, hərəkətin təhlükəsizliyinin, habelə bu marşrutlarda istismar ediləcək avtonəqliyyat vasitələrinin daşımalara yararlığının təmin olunması baxımından Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazilərində müvafiq qurumlar, Azərbaycanın digər ərazilərində isə Nəqliyyat Nazirliyinin səlahiyyətli qurumu və BDYPİ tərəfindən birgə yoxlanıldıqdan sonra icazə veriləcək. İndiyə qədər hər bir avtobus dayanacaq məntəqəsi Nəqliyyat Nazirliyinin səlahiyyətli qurumu tərəfindən pasport təsdiq edilib və dayanacağın yeri yerli şəhər (rayon) icra hakimiyyəti və BDYPİ-nin müvafiq ərazi bölmələri ilə razılaşdırılıb. Dəyişikliyə əsasən, Nəqliyyat Nazirliyinin bu sahədə səlahiyyəti də ləğv olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi