Nazir Şahin Mustafayev: "Nəqliyyat-ekspedisiya şirkətləri və digər biznes strukturları ilə müzakirələr aparılır"

Nazir Şahin Mustafayev: "Nəqliyyat-ekspedisiya şirkətləri və digər biznes strukturları ilə müzakirələr aparılır" Azərbaycan Nəqliyyat dəhlizlərinin potensialının artırılması, rəqabət qabiliyyətinin yüksəldilməsi imkanlarını araşdırır
İnfrastruktur
15 Dekabr , 2015 10:55
Nazir Şahin Mustafayev: Nəqliyyat-ekspedisiya şirkətləri və digər biznes strukturları ilə müzakirələr aparılır

Bakı. 15 dekabr. REPORT.AZ/ Azərbaycanın qlobal tranzit daşımalarındakı mövqeyini daha da möhkəmləndirmək məqsədilə Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasında təmsil olunan qurumlarla görüşlər keçirilir. "Report" xəbər verir ki, bunu iqtisadiyyat və sənaye naziri, Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının sədri Şahin Mustafayev “Azərbaycan” qəzetinə müsahibəsində bildirib.

Nazir qeyd edib ki, hazırda bu sahədə fəaliyyət göstərən nəqliyyat-ekspedisiya şirkətləri və digər biznes strukturları ilə müzakirələr aparılır: “Bundan başqa, Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərinin mövcud vəziyyəti və problemləri öyrənilir. Bu dəhlizlərin potensialının artırılması, rəqabət qabiliyyətinin yüksəldilməsi imkanları araşdırılır”.

Ş.Mustafayev Koordinasiya Şurasının elektron portalının yaradılması istiqamətində də müvafiq işlərin görüldüyünü deyib: “Portal ölkənin dəmir yolları, dəniz nəqliyyatı, limanları və terminalları vasitəsilə tranzit yükdaşımalar ilə bağlı vahid tarifləri, sərhədkeçmə prosedurlarını, yükdaşımalar üzrə daşıma qaydalarını, dövlət sərhədindən keçmə zamanı inzibati prosedurlara dair elektron müraciətlərin qəbulu və yüklərin daşınması sahəsində müqavilələrin elektron üsullarla bağlanması imkanlarını, habelə yüklərin izlənməsi və daşınma prosesləri ilə əlaqədar digər məsələləri əks etdirəcək”.

Nazirin sözlərinə əsasən, qeyd olunan işlərlə yanaşı, həyata keçirilən işlərin beynəlxalq səviyyədə təşviqi üçün müvafiq tədbirlər zamanı dəhlizin üstünlükləri və tətbiq olunan yeniliklər barədə məlumatlandırma işləri həyata keçirilir: “Artıq tranzit prosedurları sadələşdirilib. Azərbaycandan Qazaxıstanın Aktau və Türkmənistanın Türkmənbaşı limanlarına istiqamətlənmiş iritonnajlı yük avtonəqliyyat vasitələri üçün tranzit gediş-gəliş xərcləri təqribən 40% aşağı salınıb. Eyni zamanda, Bakı-Aktau-Bakı istiqamətləri üzrə dəniz yolu ilə daşıma tarifləri də 20%-dək aşağı salınıb və hər iki istiqamət üzrə birlikdə 2 100 ABŞ dolları həcmində müəyyənləşdirilib. Bununla da, hər bir iritonnajlı yük avtonəqliyyat vasitəsi üçün hər gediş-gəliş tranzit xərcləri hər iki istiqamət üzrə birlikdə təxminən 2 600 dollar təşkil edəcək”.

Son xəbərlər

Orphus sistemi