Yuxarı
    Bağlamaq

    ​Nazir müavini: "Azərbaycanda bloggerlərin fəaliyyətinə nəzarət yoxdur"

    Elmir Vəlizadə avropalı mütəxəssislərə artan kibertəhlükələrə qarşı mübarizə haqqında danışıb

    Bakı. 9 aprel. REPORT.AZ/ Bu gün Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) Avropa Şurası Nazirlər Komitəsinin Demokratiya üzrə Məruzəçilər Qrupunun siyasi məsələlər üzrə direktoru Aleksandr Quesselin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

    RYTN-dən "Report"a daxil olan məlumata görə, görüşdə kibertəhlükəsizlik məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə sektor üzrə həyata keçirilən islahatlar, internet seqmentinin genişləndirilməsi istiqamətində görülən işlər və internet medianın inkişafı barədə ətraflı məlumat verib.

    Nazir müavini Azərbaycanda 40-dan çox internet provayderin lisenziyasız azad şəkildə fəaliyyət göstərdiyini və ölkənin internetdən istifadəyə görə regionda lider mövqe tutduğunu qeyd edib.

    Görüşdə qeyd edilib ki, ölkənin hətta ucqar kəndlərində yerləşən ev təsərrüfatlarının genişzolaqlı internetlə təmin edilməsi məqsədi ilə hazırlıq işləri aparılır ki, əhali "Elektron Hökumət" proqramı çərçivəsində fəaliyyət göstərən portal vasitəsi ilə elektron dövlət xidmətlərindən istifadə edə bilsin.

    Qonaqlar öz növbələrində Azərbaycanda ekstremist qruplarla internetdə necə mübarizə aparıldığı ilə maraqlanaraq, Türkiyə və Avropa ölkələrində ekstremist xarakterli kontent daşıyıcısı olan saytların kibertəhlükəsizlik qurumları tərəfindən anında bloklanmasını bildirib. Onlar həmçinin bu ölkələrdə saytların fəaliyyətinin dayandırılmasının yalnız məhkəmə qərarı ilə həyata keçirildiyini qeyd ediblər.

    E.Vəlizadə internetin inkişafı ilə yanaşı, artan kibertəhlükələrə qarşı mübarizə aparmaq məqsədi ilə nazirlik tərkibində xüsusi monitorinq şöbəsinin və Elektron Təhlükəsizlik Mərkəzinin fəaliyyət göstərdiyini bildirib. Nazir müavini Azərbaycanda saytların kontentindən asılı olmayaraq yalnız məhkəmə qərarı ilə fəaliyyətlərinin dayandırılması təcrübəsindən istifadə edildiyini və bloggerlərin fəaliyyətinə nəzarətin olmamasını qeyd edib.

    Sonda beynəlxalq ekspertlər ekstremist xarakteri daşıyan saytların qarşısının alınması üçün qonşu ölkələrin əməkdaşlığına və dəstəyinə böyük ehtiyac duyulduğunu və buna nail olmadan arzuedilməz kontentin, eləcə də kibertəhlükələrin qarşısının alınmasının mümkün olmadığını qeyd edib.

    Sonda bu sahədə əməkdaşlığın daha da genişləndirilməsi və təcrübə mübadiləsinin təmin edilməsi məqsədilə qarşılıqlı səfərlərin təşkili müzakirə olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi