Nazir: "Görülən işlər İran-Azərbaycan dəmiryol xəttinin tikintisinin tezliklə yekunlaşdırılacağına ümidi artırır"

Nazir: "Görülən işlər İran-Azərbaycan dəmiryol xəttinin tikintisinin tezliklə yekunlaşdırılacağına ümidi artırır" Azərbaycanın ​iqtisadiyyat naziri Rəşt-Astara dəmiryol xəttinin tikintisinin gedişi ilə tanış olmaq üçün İranda səfərdədir
İnfrastruktur
27 May , 2016 12:40
Nazir: Görülən işlər İran-Azərbaycan dəmiryol xəttinin tikintisinin tezliklə yekunlaşdırılacağına ümidi artırır

Bakı. 27 may. REPORT.AZ/ Azərbaycan İranın Rəşt və Astara şəhərləri arasında dəmiryol xəttinin çəkilməsində iştirak edir.

"Report" İran KİV-inə istinadən xəbər verir ki, bunu İslam Respublikasının Gilan əyalətində Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Astara (İran) - Astara (Azərbaycan) dəmiryol xətti və terminalın tikintisi ilə tanış olarkən jurnalistlərə bildirib.

Onun sözlərinə görə, İran-Azərbaycan iqtisadi komissiyasının iclaslarında Şimal-Cənub dəhlizinin yekunlaşdırılmasının vacibliyi vurğulanıb.

Ş.Mustafayev deyib ki, İrana səfərinin məqsədi Şimal-Cənub dəhlizindəki Qəzvin-Rəşt-Astara dəmiryolunun tikintisinin gedişi ilə tanış olmaqdı: "Qəzvin-Rəşt dəmiryolunun tikintisində 90 faiz irəliləyiş var. Bu isə İran Astarası ilə Azərbaycan Astarası arasında salınan dəmiryolunun tezliklə yekunlaşdırılacağına ümidi artırır".

Qeyd edək ki, İran 10 ilə yaxındır uzunluğu 205 kilometr olan Qəzvin-Rəşt-Ənzəli dəmiryolu xətti inşa edir. Dəmiryol marşrutu mürəkkəbdir və 22 tunel, 15 xüsusi körpüdən ibarətdir. 2015-ci ilin əvvəlində bu xəttin istifadəyə veriləcəyi nəzərdə tutulmuşdu.

Xatırladaq ki, 2013-cü ildə İran rəsmiləri Qəzvin-Rəşt-Astara dəmir yolunun tikintisinin 2014-cü ilin mart ayında başa çatacağını açıqlamışdılar. 

Qəzvin-Rəşt-Astara dəmiryolu Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir hissəsidir və dəmiryolun tikintisi Azərbaycan, Rusiya və İran tərəfindən həyata keçirilir. Tikinti işlərinə 400 milyon dollar məbləğində investisiya yatırılması nəzərdə tutulub. Bu dəhlizlə yükdaşıma həcminin birinci mərhələdə ildə 6 milyon ton, gələcəkdə isə ildə 15-20 milyon tona qədər olacağı proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi