Moskva Metropoliteninin nümayəndə heyəti Bakıda səfərdə olub

Moskva Metropoliteninin nümayəndə heyəti Bakıda səfərdə olub Qonaqlar Bakı metrosu ilə yaxından tanış olublar
İnfrastruktur
28 Avqust , 2015 17:42
Moskva Metropoliteninin nümayəndə heyəti Bakıda səfərdə olub

Bakı. 28 avqust. REPORT.AZ/ "Moskva Metropoliteni" dövlət unitar müəssisəsinin rəisi Dmitri Peqovun başçılıq etdiyi, rəis köməkçisi Dmitri Danilovun, işçi heyətinin peşə təmayülü, təlimi və inkişafı xidmətinin rəisi Pavel Kovalyovun daxil olduğu nümayəndə heyətinin Bakıya ikigünlük səfəri başlayıb. Səfər proqramı çərçivəsində "Bakı Metropoliteni" QSC-də görüş keçirilib. 

QSC-dən "Report"a daxil olan xəbərə görə, qurum sədri Zaur Hüseynov bu səfərin hər iki şəhərin yeraltı ictimai dəmir yol nəqliyyatı üçün faydalı olacağını bildirib. Z.Hüseynov perspektivlər və ötən müddət ərzində görülən işlər barədə məlumat verib.

Moskva Metropoliteninin rəisi D.Peqov bu səfərdən sonra işgüzar əlaqələrin, dostluq münasibətlərinin daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib. Sonra qarşılıqlı əlaqələr, birgə layihələrin həyata keçirilməsi, mütəmadi fikir və təcrübə mübadiləsinin, işgüzar münasibətlərin dərinləşdirilməsi ətrafında müzakirələr aparılıb.

Qonaqlar metropolitenin «Nərimanov» elektrik deposunda olublar. Onlara burada son illərdə görülən işlər, yenilənmə, iş şəratinin müasirləşdirilməsi, texniki yeniliklər, abadlıq işləri barədə ətraflı məlumat verilib. Bu sırada çoxfunksiyalı diaqnostika kompleksində qurulmuş şərait və xüsusi vaqonda tətbiq edilmiş yeniliklər barədə qonağa məlumat təqdim edilib. Nümayəndə heyətinə depo ərazisində fəaliyyət göstərən istehsalat və xidmət sahələri barədə məlumat verilərək, iş şəraiti nümayiş etdirilib.

Avqustun 28-də qonaqlara metropolitenin qatar, enerji, eskalator, sanitar dispetçer mərkəzlərində ən müasir sistemlərin tətbiqi barədə məlumat verilərək, fəaliyyəti və iş xüsusiyyətləri nümayiş etdirilib. Sonra nümayəndə heyəti qatarla metropoliten səyahətinə çıxıblar. Nümayəndə heyəti Bakı metropoliteninin perspektiv inkişaf sxemi və dövlət proqramına uyğun inşa edilən yeni "Bənövşəyi" xəttin şərti adı “Memar Əcəmi-2” olan stansiyasında olub. Məlumat verilib ki, yeni xətlərdə dünya təcrübəsinin ən son texnoloji nailiyyətləri, xüsusən sərnişinlərin rahatlığı və təhlükəsizlik tələblərinin ən yüksək standartlarına cavab verən sistemlər, avadanlıqlar tətbiq olunur. Bu mənada hərəkətin təşkili və idarə olunmasında müasir CBTC, stansiya və şəbəkəyə nəzarətdə, həmçinin idarəetməsində SCADA sistemləri əsas götürülüb, xətlərdə müasir sistemlərin tətbiq edildiyi və ən yüksək təhlükəsizlik standartlarına cavab verən qatarlar hərəkət edəcək.

Stansiyaların inşaatında da müasir texnologiyaların, həmçinin üsulların tətbiqinə başlanılıb. Bakının yer quruluşunun mürəkkəb geoloji coğrafiyası şəraitində bu üsullar tikintini daha səmərəli aparmağa kömək edir. 

Son xəbərlər

Orphus sistemi