Modernləşdirilmiş “Dağıstan” gəmi-bərəsi dəniz sınağından keçib

Modernləşdirilmiş “Dağıstan” gəmi-bərəsi dəniz sınağından keçib Bakı. 25 yanvar. REPORT.AZ/ “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda əsaslı təmirə dayanan “Dağıstan” gəmi-bərəsi dəniz sınağından uğurla keçib.
İnfrastruktur
25 Yanvar , 2018 14:58
Modernləşdirilmiş “Dağıstan” gəmi-bərəsi dəniz sınağından keçib

Bakı. 25 yanvar. REPORT.AZ/ “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda əsaslı təmirə dayanan “Dağıstan” gəmi-bərəsi dəniz sınağından uğurla keçib.

Bu barədə “Report”a Gəmiçilikdən bildirilib.

Məlumatda deyilir ki, sınaq zamanı 16 uzel sürətlə hərəkət edən gəmidə heç bir çatışmazlıq aşkarlanmayıb.

“Dağıstan” bərəsinin istifadəetmə müddəti bitmiş iki köməkçi mühərriki “Hyundai” markalı mühərriklərlə əvəzlənib. “Yeni quraşdırılan 1 000 kVt gücündə mühərriklər əvvəlkilərlə müqayisədə daha qənaətcil və effektivdir. Bu mühərriklər avadanlığa göstəriləcək xidməti asanlaşdırmaq baxımından da sərfəlidir. Köməkçi mühərriklərlə yanaşı, gəminin əsas hərəkətverici mühərrik və qurğuları yeni layihə əsasında dəyişdirilib. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” təzə baş mühərrikləri Finlandiyadan sifariş edib. “Wartsila” markalı W32 baş mühərriki dünya gəmiqayırma sahəsində lider brendlərdən hesab olunur. Həddindən artıq ağır çəkiyə malik köhnə mühərriklərdən fərqli olaraq yeniləri öz funksionallığı ilə seçilir”, - məlumatda qeyd olunub.

O da bildirilib ki, “Dağıstan” gəmi-bərəsinin bütün idarəetmə sistemləri dəyişdirilərək daha müasirləri ilə əvəz edilir: “Bundan başqa, pərlərə nəzarət sistemi, köməkçi burun sükanı, radionaviqasiya və elektrik avadanlıqları, generatorları da təzələri ilə əvəzlənib. Bərənin bütün köməkçi – yağ, su, balast sistemləri və sair əsaslı təmir olunub. Buxar qazanı yanacaq yandırma sistemləri əvəzlənməklə müasirləşdirilib. Gəmi-bərənin gövdə və sualtı hissələri də təmir olunaraq rənglənib. Yaşayış və xidmət sahələri müasir standartlara uyğun təmir edilib”.

“Dağıstan” bərəsinin yükgötürmə qabiliyyəti 2 425 tondur. Bərənin avtomobil və vaqon daşımaq üçün 2 göyərtəsi var. Alt göyərtə avtomobil, üst göyərtə isə vaqon daşımaq üçün nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi