Yuxarı
    Bağlamaq

    Mingəçevirdə yeni və köhnə binalardakı mənzillərdə qiymət fərqi 2,2 dəfəyə çatıb

    AS Group Investment Şirkətlər Qrupunun strateji araşdırmalar mərkəzi yeni monitorinqin nəticələrini açıqlayıb

    Bakı. 19 fevral. REPORT.AZ/ “AS Group Investment” Şirkətlər Qrupu yanında strateji araşdırmalar mərkəzi ölkənin daşınmaz əmlak bazarında apardığı araşdırmalar çərçivəsində Mingəçevir şəhərinin daşınmaz əmlak bazarını araşdırıb.

    Şirkətdən "Report"a daxil olan məlumata görə, neftin qiymətinin nəzərəçarpacaq dərəcədə düşməsi ilə əlaqədar olaraq 2015-ci il Azərbaycanın yaşayış tipli daşınmaz əmlak bazarı üçün qiymət enməsi ilə yadda qalıb.

    Azərbaycanın iri şəhərlərində qiymət dinamikası paytaxtın daşınmaz əmlak bazarı ilə təqribən eynidir. Belə ki, Mingəçevirdə 1 kv. metrin qiyməti manat ifadəsində 7%, ABŞ dolları ifadəsində isə 55% düşüb. Əgər 2015-ci ilin yanvarında qiymət 705 manat/kv. m idisə, ilin sonuna qiymət 656 manat/kv. m təşkil edib və ya dollar ifadəsində müvafiq olaraq 903 dollar və 410 dollar olaraq qiymətləndirilib. 

    Qeyd edək ki, qiymət fərqi yerləşmədən, bina və mənzilin vəziyyətindən və tipindən asılıdır. Belə ki, 656 manat/kv. m köhnə tikililərdə yerləşən orta və daha aşağı təmirli mənzillərin qiymətidir. 2015-ci ilin IV rübündə Mingəçevirdə ən yüksək qiymət (1 039 manat/kv. m) Maqomayev küçəsində (şəhər mərkəzi), 12-mərtəbəli binanın 7-ci mərtəbəsində yerləşən təmirsiz mənzildə qeydə alınıb. Ən aşağı qiymət isə (476 manat/kv. m) şəhər kənarında, Mehdi Hüseyin küçəsində, 5-mərtəbəli binanın 5-ci mərtəbəsində (Leninqrad layihəsi) yerləşən mənzildə qeydə alınıb. 

    "Ümumilikdə, Mingəçevirdə daşınmaz əmlakın köhnəlməsini nəzərə alsaq, yeni və köhnə binalarda yerləşən mənzillərdə qiymət fərqinin 2,2 dəfəyə çatması anlaşılandır. Əslində bu fərq müasir tələblərə cavab verən yeni mənzilə aktual tələbin olduğunu göstərir. Amma bu fərqə mənzil alıcısı ehtiyatla yanaşmalıdır. Belə ki, yeni tikililərdə təklifin az olmasına baxmayaraq, burada daha sərfəli variantlar da rast gəlinir. Kür çayına gözəl mənzərə açılan, yeni “Park Residence” yaşayış binasında 2 illik daxili kredit zamanı 1 kv. metrin qiyməti 600 manatdan başlayır. Halbuki, bina şəhərin prestijli yerində, bulvarın bir addımlığında, parkın içində, Füzuli və İslamzadə küçələrinin kəsişməsində yerləşir", - deyə şirkətdən bildirilib.

    Ekspertlərin fikrincə, yeni tikililərdə təmir köhnə tikililərə nisbətən daha ucuz başa gəlir. Əgər köhnə tikililərdə əvvəl söküb sonra təmir etmək lazımdırsa, yeni tikililərdə yalnız təmir etmək lazımdır. Bu isə eyni səviyyəli təmiri təqribən 20-30% ucuzlaşdırır. Köhnə binalarda artıq istismar dövrünü başa çatdırmış kommunikasiyaların da təmirə ehtiyac olduğunu nəzərə almaq lazımdır: "Mənzillərin satış şərtlərinə də xüsusi önəm vermək lazımdır. Əgər təkrar bazardakı mənzillər 100% ödənişlə satılırsa, yeni tikililərdəki mənzilləri hissə-hissə ödənişlə də əldə etmək olar. Mingəçevirdə belə ödənişin orta müddəti 2 ildir. “Park Residence”də isə alıcılara 5 ilədək daxili kredit təklif olunur".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi