Mingəçevirdə 100 çoxmənzilli binanın təmirinə 5 milyon manat ayrılıb

Mingəçevirdə 100 çoxmənzilli binanın təmirinə 5 milyon manat ayrılıb Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
İnfrastruktur
22 Sentyabr , 2016 18:20
Mingəçevirdə 100 çoxmənzilli binanın təmirinə 5 milyon manat ayrılıb

Bakı. 22 sentyabr. REPORT.AZ/ Prezident İlham Əliyev "Mingəçevir şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və təmiri ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, məqsəd Mingəçevirdə abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 100 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi və təmir işlərinin həyata keçirilməsidir.

Sənəddə bildirilir ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurlu icrası nəticəsində Mingəçevir şəhərində geniş abadlıq-quruculuq işləri aparılıb, mühüm infrastruktur layihələri yerinə yetirilib, o cümlədən 46 çoxmənzilli yaşayış binası müasir üslubda əsaslı təmir edilmiş, 22 nümunəvi məhəllə yaradılıb, parklar salınıb, “Kür” Olimpiya Tədris-İdman Mərkəzi, Şəhər Mərkəzi Xəstəxanası, Mingəçevir Dövlət Dram Teatrı, Tarix muzeyi yenidən qurulub, Gənclər Mərkəzi, təhsil və digər sosialyönümlü obyektlər tikilərək əhalinin istifadəsinə verilib, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılıb, otellər inşa olunub.

Sərəncama əsasən, Mingəçevir şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və təmir işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Mingəçevir Şəhər İcra Hakimiyyətinə 5 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi