Yuxarı
    Bağlamaq

    Metronun "Nizami” stansiyasının mozaik pannoları bərpa olunur

    Mozaik pannolarda qopma təhlükəsi yaranıb

    Bakı. 15 dekabr.REPORT.AZ/ "Bakı Metropoliteni"nin “Nizami” stansiyasında ilk dəfə irihəcmli əsaslı təmir işləri aparılır. Məqsəd mozaik pannoların keyfiyyətli mühafizəsini təmin etmək, korroziyaya məruz qalan konstruksiyaların dəyişdirilməsidir."

    Bunu "Report"a "Bakı Metropoliteni" QSC-nin Mətbuat katibliyinin rəisi Nəsimi Paşayev bildirib.

    O deyib ki, xeyli müddətdir istifadədə olan platforma divarlarının mərmər örtüyü və stansiyanı bəzəyən Nizami Gəncəvinin əsərlərindən ibarət mozaik pannolarda da qopma təhlükəsi yaranıb: "Bu, həm də sərnişinlər üçün təhlükə yaradırdı. Bu pannolar, ilk olaraq, bütöv halda divardan ayrılır, daha sonra arxasındakı dəmir konstruksuyalar dəyişdirilir, xüsusilə pannonun arxa hissəsində korroziyaya və nəmişliyə qarşı qoruyucu maddələrdən istifadə olunur. Mozaik panno yerinə bərkidildikdən sonra onun üzərində bərpa və möhkəmləndirmə işləri aparılır. Bütün prosesi mütəxəssislər icra edirlər."

    Qeyd edək ki, stansiyada havalandırmanı yaxşılaşdırmaq məqsədilə platformaaltı xidməti otaqların divarları sökülür. Stansiyanın baş tərəfində işçilər üçün daha yaxşı şəraitli xidməti otaqlar tikilir. Korroziyaya məruz qalmış bütün konstruksiyalar dəyişdiriləcək. Stansiyanın tavan hissəsi də sökülərək yenidən qurulacaq, divarlardakı mərmər örtük yenilənəcək. İşlər metropolitenin daxili imkanları hesabına QSC-yə daxil olan strukturlar tərəfindən aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi