Yuxarı

Metronun "İnşaatçılar" stansiyasının giriş-çıxışlarından biri bağlanacaq

Amma keçid piyadar üçün açıq olacaq

Bakı. 16 yanvar. REPORT.AZ/ "İnşaatçılar" stansiyanın II vestibülü sərnişinlərin giriş-çıxışı üçün bağlanır. Bu barədə "Report"a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib. 

Məlumata görə, buna səbəb "Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramı"nın yerinə yetirilməsi üçün tərtib olunan tədbirlər planının 2.4 bəndinə uyğun olaraq metropolitenin stansiyalarının yenidən qurulması və müasir avadanlıqlarla (işarəvermə, rabitə, teleidarəetmə, eskalator, ventilyator və s.) təchiz olunmasının nəzərdə tutulmasıdır: "Ona görə də "İnşaatçılar" stansiyasının II vestibülündə quraşdırılmış 3 ədəd ET-5 tipli eskalator 30 illik istismar müddətini başa vurduğuna görə dəyişdirilməlidir. Bunun üçün stansiyanın II vestibülü sərnişinlərin giriş-çıxışı üçün bağlanmalıdır".

Bütün bunları nəzərə alaraq "Bakı Metropoliteni" QSC sərnişinlərə xəbərdarlıq edir ki, "İnşaatçılar" stansiyasının II vestibülü ("20 yanvar" stansiyası tərəf) yanvarın 18-i saat 06:00-dan etibarən sərnişinlərin giriş-çıxışı üçün müvəqqəti bağlanacaq. I vestibül (ATS tərəf) isə əvvəlki qaydada sərnişinlərin giriş-çıxışı üçün açıq olacaq.

Qeyd edək ki, II vestibül bağlı olsa da, keçid piyadar üçün açıq olacaq. Yəni sakinlər keçiddən istifadə etməklə Şərifzadə küçəsini bir tərəfdən digər tərəfə keçməkdə hər hansı problemlə üzləşməyəcəklər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi