Yuxarı

Metronun “Gənclik” stansiyasının keçidlərində “Qələbə ruhunu yaşadanlarımız” adlı sərgi açılıb

Metronun ​“Gənclik” stansiyasının keçidlərində sərgi açılıb

Bakı Metropoliteni” QSC-nin “MetroGallery” layihəsi çərçivəsində daha bir sosialyönümlü tədbir keçirilib. 

"Report" xəbər verir ki, 9 May – faşizm üzərində Qələbə Gününə həsr olunmuş “Qələbə ruhunu yaşadanlarımız” adlı sərgi “Bakcell” şirkətinin dəstəyi ilə Metropolitenin “Gənclik” stansiyasının keçidlərində açılıb.

Qurumun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib ki, foto-sərgidə Böyük Vətən müharibəsində qəhrəmancasına vuruşmuş 57 azərbaycanlı veteranın fotolarından ibarət tablolar nümayiş etdirilir: "9 May - Qələbə Gününün Azərbaycan xalqı üçün əlamətdar bir gündür, minlərlə azərbaycanlı oğul və qızlarının Böyük Vətən müharibəsində qəhrəmancasına vuruşub. Azərbaycan bu müqəddəs savaşda həm də arxa cəbhədə böyük fədakarlıqlar nümayiş etdirib. Təkcə Bakı nefti faktoru bu qələbədə Azərbaycanın rolunun nə qədər vacib olduğunu əyani nümayiş etdirir". 

Xidmət şöbəsinin rəisi Lalə Babayeva foto-sərgi haqda məlumat verərək, “Bakı Metropoliteni” QSC-nin “MetroGallery” layihəsi çərçivəsində daha bir sosial layihəsinə start verildiyini bildirib. O, 6 ay davam edəcək sərgidə 57 müharibə qəhrəmanının şəkilləri ilə yanaşı, dövlətimizin veteranlarımıza diqqət və qayğısını əks etdirən foto stendlər və Böyük Vətən müharibəsində Azərbaycanın roluna həsr olunmuş müxtəlif məzmunlu məlumat lövhələrinin də nümayiş etdirildiyini vurğulayıb. 

Lalə Babayeva veteranların sərgidə nümayiş olunan fotoları ilə virtual tanışlığı davam etdirməyin mümkün olduğunu da bildirib. Bunun üçün tamaşaçılar smartfon və ya planşetlərə “QR-code” mobil əlavəsini yükləyərək, şəkillərdəki kodlardan istifadə edə bilərlər.

Maraqlı faktların, diqqətçəkən məlumatların verildiyi stendlər sərgi izləyicilərinin marağına səbəb olub. “Qələbəyə Azərbaycan töhfəsi”, “Qəhrəman Bakı”, “Hər şey Vətən üçün”, “Milli diviziyalarımız”, “Qərib diyarların qəhrəmanları”, “Müharibənin ekran salnaməsi”, “Müharibənin qadın üzü”, “Elmimiz cəbhənin xidmətində” kimi sərlövhələr altında təqdim edilən məlumatlarda ön və arxa cəbhədə Azərbaycan xalqının göstərdiyi rəşadət, qəhrəmanlıq və fədakarlığı əksini tapıb.

Qeyd edək ki, buna qədər "Nərimanov" və "Gənclik" stansiyalarının keçidlərində talassemiyalı uşaqlara yardım məqsədi ilə uşaqların rəsm əsərləri, “Dünya rəssamları”, Azərbaycan kinofilmlərindəki fotolardan ibarət və Azərbaycanda Xəzər dəniz Gəmiçilinin 160 illik tarixini əks etdirən fotolardan ibarət, “Azərbaycanın görkəmli rəssamları” sərgiləri uğurla nümayiş etdirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi