Metronun "Gənclik" stansiyasında Gəmiçiliyin 160 illiyinə həsr olunmuş fotoqalereya açılıb

Metronun "Gənclik" stansiyasında Gəmiçiliyin 160 illiyinə həsr olunmuş fotoqalereya açılıb Bakı. 10 sentyabr. REPORT.AZ/ “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və “Bakı Metropoliteni” QSC-nin birgə təşkilatçılığı ilə “Gənclik” metrostansiyasında “Metro Gallery” layihəsi çərçivəsində “Gəmiçilik-160 il” mövzusunda fotoqalereya açılıb.
İnfrastruktur
10 Sentyabr , 2018 10:15
Metronun Gənclik stansiyasında Gəmiçiliyin 160 illiyinə həsr olunmuş fotoqalereya açılıb
Report/Elchin Murad
0 : 00
0 : 00

Bakı. 10 sentyabr. REPORT.AZ/ “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və “Bakı Metropoliteni” QSC-nin birgə təşkilatçılığı ilə “Gənclik” metrostansiyasında “Metro Gallery” layihəsi çərçivəsində “Gəmiçilik-160 il” mövzusunda fotoqalereya açılıb. 

"Report" xəbər verir ki, bu dəfə paytaxt sakinləri və Bakının qonaqları stansiyanın hər dörd çıxışının əsas vestibüllərində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin tarixini əks etdirən nadir fotoları görmək imkanı qazanıblar.

Foto sərginin ilk günündə rəsmi açılış mərasimi baş tutub. Açılışda çıxış edən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat katibi Mehman Mehdiyev bildirib ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illik yubileyinə həsr olunan sərgidə 90-dan çox foto nümayiş olunur: “Fotoların hər biri Xəzərdə Azərbaycan gəmiçiliyinin müxtəlif dövrlərini əhatə edir. Burada Xəzər dənizində üzən ilk gəmilər, tanınmış dənizçilər, neft mədənləri, tacirlər haqqında maraqlı fotolara rast gəlmək mümkündür”.

Sərgidə müxtəlif arxivlərdən əldə edilən nadir fotolar nümayiş olunur. Onların əksəriyyəti araşdırmaçı-jurnalist, Bakı Media Mərkəzinin redaktoru, əməkdar mədəniyyət işçisi Müsəllim Həsənovun araşdırması ilə ortaya çıxıb. Gəmiçiliyin sifarişi əsasında tarixi-sənədli kitab yazan Müsəllim Həsənov qeyd edib ki, fotoların hər biri özündə böyük bir tarixi yük daşıyır. O bildirib ki, foto işlər həm Azərbaycanın, həm də Rusiyanın arxivlərindən əldə olunub.

Daha sonra çıxış edən uzaq səfərlər kapitanı Muxtar Axundov Gəmiçiliyin qəhramanlıqlarla dolu tarixi və bugünki dinamik inkişafı haqqında məlumat verib.

“Bakı Metropoliteni” QSC-nin nümayəndəsi isə Bəxtiyar Məmmədov deyib ki, bu tipli tədbirlər «Bakı Metropoliteni» QSC-nin davamlı reallaşdırdığı sosial yönümlü proqramlarının tərkib hissəsidir. “Ümid edirik ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi ilə gerçəkləşdirilən bu sərgi böyük maraqla qarşılanacaq. Çünki, burada doğrudan da, heç yerdə rast gəlinməyən fotolar mövcuddur”.

Sərgilənən hər fotonun yanında yerləşdirilən paspartuda onun anotasiyası qeyd edilib. Bundan başqa, sərgi izləyicilərinə fotoşəkillər barədə virtual məlumat almasına da şərait yaradılıb. Belə ki, izləyicilər smartfonları vasitəsi ilə şəkillərdəki "QR” koddan istifadə edərək Bakı metropoliteninin rəsmi saytında yerləşdirilmiş elektron qalereyaya daxil ola və fotoların yüksək keyfiyyətlə nümunələrini yükləyə bilərlər.

Fotolar ilin sonuna kimi sərgilənəcək. Bununla, stansiya keçidlərindən istifadə edən metro sərnişinləri – paytaxt sakinləri və şəhərimizin qonaqları, eləcə də mövzu ilə maraqlanan hər kəs Xəzər sularında gəmiçiliyin inkişaf tarixinə virtual səyahətə çıxmaq fürsəti əldə edəcəklər.

Xatırladaq ki, bu il şanlı tarixə malik Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi 160 illik yubileyini qeyd edir. Xidmət sahəsinin müxtəlifliyinə görə “AXDG” QSC unikal gəmiçilik şirkətlərdən hesab olunur.

Son xəbərlər

Orphus sistemi