"Memar Əcəmi-2" metro stansiyasında əsas işlər yekunlaşıb

"Memar Əcəmi-2" metro stansiyasında əsas işlər yekunlaşıb Yeni stansiya gələn il istifadəyə veriləcək
İnfrastruktur
25 Avqust , 2015 10:42
Memar Əcəmi-2 metro stansiyasında əsas işlər yekunlaşıb

Bakı. 25 avqust. REPORT.AZ/ Bakı Metropoliteninin "Bənövşəyi" xəttinin ikinci stansiyası "Memar Əcəmi-2"-də əsas tikinti işləri yekunlaşmaq üzrədir. Hazırda stansiyada abadlıq işləri və avadanlıqların quraşdırılması prosesi aparılır. Bunu "Report"a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.

Stansiyanın 5 mərtəbədən ibarət olduğunu qeyd edən Metropoliten nümayəndəsi əlavə edib ki, hər bir mərtəbənin hündürlüyü 5,8 metr təşkil edir. Onun sözlərinə görə, yeni stansiyada ilk dəfə təbii işıqlanmadan istifadə olunacaq, buna isə stansiyanın tavanında quraşdırılacaq şüşə material imkan verəcək.

"Bundan başqa, metroda ilk dəfə "Memar Əcəmi-2" stansiyasından başlayaraq müxtəlif səviyyəli keçidlərdən istifadə olunacaq. Stansiyanın 3 giriş-çıxışı var. Burada əlillər üçün 2 lift quraşdırılır. Habelə yanğına qarşı avtomatik mühafizə sistemləri, rabitə sistemləri, elektrik avadanlıqları quraşdırılır. "Memar Əcəmi-2"-də eskalatorlar birbaşa platformanın mərkəzinə doğru uzanır və eskalatorun sayının 17 olması planlaşdırılır. Vestibüldən aşağıya doğru sonrakı mərtəbədən "Yaşıl" və "Bənövşəyi" xətlərin stansiyalarından bir-birinə keçid üçün istifadə ediləcək. Yəni,  "Memar Əcəmi-2" - "Bənövşəyi xətt"dən mövcud "Yaşıl xətt"ə keçid stansiyası rolunu oynayacaq. Sərnişinlər buradan "Memar Əcəmi" stansiyasına keçməklə, "Yaşıl xətt"ə daxil olan stansiyalardan istifadə edə biləcəklər", - deyə N.Paşayev açıqlayıb.

O, əlavə edib ki, 7 vaqonlu qatarların olması nəzərdə tutulub amma ilkin olaraq, 5 vaqonlu qatarlar hərəkət edəcək.

Qeyd edək ki, Bakı Metropoliteninin yeni - 3-cü, "Bənövşəyi xətt"nin ilk iki stansiyası - "Avtovağzal" və "Memar Əcəmi-2"-nin eyni vaxtda - gələn ilin ilk yarısında açılması nəzərdə tutulub.

"Bənövşəyi xətt" 12 stansiyadan ibarət olmaqla, Qaraçuxur qəsəbəsinə qədər uzanacaq.

Son xəbərlər

Orphus sistemi