Yuxarı

Bakının təkrar mənzil bazarında ucuzlaşma müşahidə olunur

Paytaxtda ən bahalı mənzillər Səbail və Nəsimi rayonlarında satılır

Bakı. 30 dekabr. REPORT.AZ/ Cari ilin noyabr ayında Bakı şəhərinin təkrar yaşayış mənzil bazarında satışa təklif olunan yaşayış mənzillərinin hesablanmış orta təklif qiyməti əvvəlki ayla müqayisədə 0,53% azalaraq 2 065 dollar/кv.metr, milli valyutada isə 0,56% azalaraq 1 619 AZN/кv.m bəndində qərarlaşıb. "Report"un verdiyi xəbərə görə, bu barədə "MBA Ltd." qiymətləndirmə və konsaltinq şirkətinin monitorinq qrupunun açıqladığı aylıq hesabatda bildirilir.

Bazar portfelində ümumi təkliflərin sayı isə 2 055 ədəd təşkil edib ki, bu da öz növbəsində əvvəlki ayla müqayisədə 22,4% çox, ötən ilin müvafiq ayı ilə müqayisədə isə 9,97% az olub.

Təkrar mənzil bazarında təklif edilən mənzillərin əksər hissəsi 1 250 AZN/kv.m qiymətindən baha olan mənzillərdir, bu dəyərdə olan mənzillər ümumi portfelin 80,7%-ni təşkil edir. Ümumi təklif portfelinin 18,5%-ni 800-1250 AZN/kv.m qiymət diapazonunda yerləşən mənzillərin payına düşür. Bazardakı ucuz mənzillər, yəni hər 1 kv. metrinin dəyəri 800 AZN/kv.m-dən az olan mənzillərin bazardakı payı isə 0,9% təşkil edir.

Hesabatda deyilir ki, təkrar bazarda təklif olunan bir, iki və dörd otaqlı mənzillərin təklif qiymətlərində müvafiq olaraq 1,98%, 0,87% və 1,42% azalma var. Üç otaqlı mənzillərin qiymətində isə 0,67% artım müşahidə olunub.

Bаzаrdа dövr еdən mənzillərin оtаq sаy göstəricilərində tədricən bаş vеrən yеrdəyişmə dаvаm еdib, təklif olunan mənzillərin sayındakı dəyişikliklər bütün növ mənzillərin payına düşüb.

Bütün növ otaqlı mənzillərin təklif sayında artım müşahidə olunub. Nəticədə daha çox artım az otaqlı mənzillərin payına düşüb. Təklif portfelində köhnə mənzillərin payının artması əsasən “arxitektur”, "eksperiment" və “xruşşov” layihəli binalarda müşahidə olunub.

Təkrar yaşayış mənzil bazarında 1 kv. metrin qiymətinə görə təklif olunan ən bahalı mənzil yeni tikili layihəli 3 otaqlıda qeydə alınıb. Cavanşir körpüsü yaxınlığında yerləşən 170 kv.m sahəyə malik olan, əla təmirli mənzilin kvadrat metrinin satışa təklif olunan qiyməti 3 200 manat təşkil edib. Ən ucuz mənzil isə "Həzi Aslanov" metro stansiyası yaxınlığında yerləşən 85 kv. metrlik sahəyə malik yeni tikili, 2 otaqlı mənzildə qeydə alınıb və 650 AZN/kv.m olub.

Bakı şəhəri üzrə noyabrda təkrar mənzil bazarında təklif olunan ən bahalı mənzillər Səbail və Nəsimi rayonlarında qeydə alınıb. "Sahil" metro stansiyası yaxınlığındakı mənzilin satışa çıxarılan təklif qiyməti 3 100 dollar/kv.m, Cavanşir körpüsünün yaxınlığındakı mənzil isə 3 300 dollar/kv.m dəyərində olub. Ən ucuz mənzillər isə "H.Aslanov" metrosu yaxınlığında (650 dollar/kv.m) və Binəqədi qəsəbəsində (670 dollar/kv.m) yeni tikilən binalarda qeydə alınıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi