​Maştağa-Bilgəh avtomobil yolunun təmiri yekunlaşır

​Maştağa-Bilgəh avtomobil yolunun təmiri yekunlaşır Uzunluğu 9 km, hərəkət hissəsinin eni 7 metr olan avtomobil yolunun asfalt-beton örtüyü yararsız vəziyyətdə olub
İnfrastruktur
17 May , 2016 18:40
​Maştağa-Bilgəh avtomobil yolunun təmiri yekunlaşır

Bakı. 17 may. REPORT.AZ/ Maştağa-Bilgəh avtomobil yolunun tikintisi artıq yekunlaşmaq üzrədir. Tikinti işləri çərçivəsində yolun eni 9 metrə qədər genişləndirilib, yol boyu zəruri olan yerlərdə yol yatağının deformasiyaya uğramış hissələri bərpa olunub.

"Report"un "Azəravtoyol"a istinadən verdiyi xəbərə görə, köhnə-asfalt beton örtüyünün üst qatı frez maşınları vasitəsilə qaşınaraq ərazidən daşınıb. Bunun əvəzinə isə hazırda yeni asflat-beton örtüyünün döşənməsi işləri aparılır. Ümumilikdə yol boyu 81 min kv.m sahəyə ikiqat yeni asfalt-beton örtüyü döşənir. Artıq yolun 8 km-i tam asfaltlanıb.

Maştağa-Bilgəh avtomobil yolunun kənarlarına 18 min poqonmetr yeni səki daşlarının düzülməsi, həmçinin zəruri olan yerlərdə 2-3 metr enində piyada səkilərinin tikintisi işləri də aparılıb. Yolda işıqlandırma sisteminin qurulması nəzərdə tutulub. Daha sonra avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yol-cizgi xətlərinin və yol-göstərici xətlərinin çəkilişi işləri aparılacaq.

Ümumiyyətlə, avtomobil yolunun yenidən qurulması ilə avtonəqliyyat vasitələrinin yeni tikilən Bakı Dairəvi Yoluna və əksinə maneəsiz çıxışı təmin olunacaq.

Qeyd edək ki, uzunluğu 9 km, hərəkət hissəsinin eni isə 7 metr olan avtomobil yolunun asfalt-beton örtüyünün yararsız vəziyyətdə olması, piyada səkilərinin olmaması həm avtonəqliyyat vasitələrinin normal hərəkətinə, həm də vətəndaşların rahat və təhlükəsiz hərəkətinə problemlər yaradırdı. Yolun tikintisi Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı (2014-2016-cı illər) çərçivəsində həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi