Maştağa-Bilgəh avtomobil yolunda da hərəkət məhdudlaşdırılacaq

Maştağa-Bilgəh avtomobil yolunda da hərəkət məhdudlaşdırılacaq Qeyd edilən yolun artıq tikintisinə başlanılıb
İnfrastruktur
29 Mart , 2016 10:43
Maştağa-Bilgəh avtomobil yolunda da hərəkət məhdudlaşdırılacaq

Bakı. 29 mart. REPORT.AZ/ 63 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Bakı şəhəri Sabunçu rayonunun Maştağa-Bilgəh avtomobil yolunun tikintisinə başlanılıb. Tikinti işlərinə Bilgəh qəsəbəsi, sahilyanı ərazidən Maştağa qəsəbəsi istiqamətinə doğru start verilib. Bu barədə “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən "Report"a daxil olan məlumatda deyilir. 

 Tikinti işlərinin aparıldığı ərazilərdə hissə-hissə avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılır.

Baxımsız vəziyyətdə olan yolun ümumi uzunluğu 9 km, hərəkət hissəsinin eni isə 7 m-dir. Tikinti işləri çərçivəsində yolun eni 9 m-ə qədər genişləndirilir. Bundan başqa, yol boyu zəruri olan yerlərdə yol yatağının deformasiyaya uğramış hissələri qazılaraq çıxarılır, yeni yol yatağı salınır.

Tikinti işləri çərçivəsində köhnə-asfalt beton örtüyünün üst qatı frez maşınları vasitəsi ilə qaşınaraq ərazidən daşınır. Bunun əvəzinə isə yeni asflat-beton örtüyünün döşənməsi işləri aparılır. Ümumilikdə yol boyu 81 min kv.m. sahəyə 2 qat olmaqla müasir standartlara cavab verən yeni asfalt-beton örtüyü döşənəcək.

Maştağa-Bilgəh avtomobil yolunun kənarlarına 18 min p/m yeni səki daşlarının düzülməsi, həmçinin zəruri olan yerlərdə 2-3 metr enində piyada səkilərinin tikintisi işləri də aparılır. Yolda işıqlandırma sisteminin də qurulması nəzərdə tutulub. Avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılacaq.

Ümumiyyətlə avtomobil yolunun yenidən qurulması ilə avtonəqliyyat vasitələrinin yeni tikilən Dənizkənarı Dairəvi yoluna və əksinə rahat və maneəsiz çıxışı təmin olunacaq.

Son xəbərlər

Orphus sistemi