Yuxarı

​Lüksemburq nəqliyyat ve logistika sahəsində Azərbaycana əməkdaşlıq təklif edib

İki ölkənin xarici işlər nazirlikləri arasında məsləhətləşmələr aparılıb

Bakı. 16 aprel. REPORT.AZ/ Lüksemburq şəhərində Azərbaycanın Xarici İşlər və Lüksemburqun Xarici və Avropa İşləri nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb.

Azərbaycanın Belçikadakı səfirliyindən "Report"a verilən məlumata görə, məsləhətləşmələr çərçivəsində xarici işlər nazirinin müavini Xələf Xələfov Lüksemburq Xarici və Avropa İşləri Nazirliyinin baş katibi Mark Ungeheuer və Beynəlxalq iqtisadi əlaqələr və Avropa məsələləri üzrə direktoru Qaston Stronkilə görüşlər keçirib.

Bu xüsusda, qarşıdan gələn dövrdə iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin daha yüksək səviyyəyə qaldırılması imkanları müzakirə edilib, regional və beynəlxalq məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb.

X.Xələfov Lüksemburqun Böyük Hersoqu Anrinin ötən il Bakıda keçirilmiş I Avropa Oyunlarının açılış mərasimində iştirak etmək məqsədilə Azərbaycana etdiyi səfəri məmnunluqla xatırlayıb, yüksək səviyyəli səfərlər mübadiləsinin siyasi əlaqələrə verdiyi təkan baxımından bunun gələcəkdə davam etdirilməsinin vacibliyini önə çəkib. O, Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu beynəlxalq əhəmiyyətli enerji və nəqliyyat layihələri haqqında Lüksemburq tərəfinə ətraflı məlumat verib, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin reallaşdırılması sahəsində Lüksemburq investisiya fondları və şirkətlərinin cəlb edilməsi üçün geniş imkanların mövcudluğunu diqqətə çatdırıb.

Nazir müavini Ermənistan tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində son dövrlər Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində yaşanan hadisələr haqqında qarşı tərəfi ətraflı məlumatlandırıb və Azərbaycanın münaqişənin həlli yolları ilə bağlı mövqeyini bölüşüb.

Lüksemburq tərəfi keçirilən məsləhətləşmələri yüksək qiymətləndirib, həm siyasi, həm də iqtisadi sahədə əlaqələrin inkişafı üçün geniş perspektivlərin mövcudluğu ilə bağlı fikirləri bölüşüb, Lüksemburqun İslam sərmayəçiliyi sahəsində dünyada ilk yeri tutan qeyri-müsəlman ölkəsi olduğunu diqqətə çatdırıb, ölkənin yüksək inkişaf səviyyəsi əldə etdiyi investisiya fondları və informasiya texnologiyaları kimi sahələrdə əməkdaşlıq qurulmasını, habelə Lüksemburqun nəqliyyat ve logistika sahəsində Avropada qabaqcıl təcrübəyə malik olduğunu nəzərə alaraq iki ölkə arasında yükdaşımaları sahəsində qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsini təklif edib.

Bununla əlaqədar, göstərilən istiqamətlər üzrə tərəflər arasında təmasların davam etdirilməsi və qarşıdan gələn dövrdə hər iki ölkənin ixtisaslaşmış dövlət qurumlarının bu fəaliyyətə cəlb edilməsi təklif olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi