Lisenziyaların və icazələrin vahid reyestrinin aparılması qaydası müəyyən edilib

Lisenziyaların və icazələrin vahid reyestrinin aparılması qaydası müəyyən edilib Nazirlər Kabineti bu barədə qərar qəbul edib
İnfrastruktur
17 Sentyabr , 2016 01:59
Lisenziyaların və icazələrin vahid reyestrinin aparılması qaydası müəyyən edilib

Bakı. 17 sentyabr. REPORT.AZ/ Nazirlər Kabineti “Lisenziyaların və icazələrin vahid reyestrinin aparılması Qaydası”nın təsdiqi haqqında qərar qəbul edib.

"Report" xəbər verir ki, qərar Baş nazir Artur Rasi-zadə tərəfindən imzalanıb.

Lisenziyaların və icazələrin vahid reyestrinin aparılması qaydası:

1. Ümumi müddəalar

1.1. Bu Qayda “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 8.4-cü maddəsinə uyğun olaraq hazırlanıb və respublikada verilmiş lisenziyalar və icazələrlə bağlı məlumatları özündə ehtiva edən vahid reyestrin aparılması qaydasını müəyyən edir.

1.2. Lisenziyaların və icazələrin vahid reyestri (bundan sonra – reyestr) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən aparılır.

1.3. Reyestr informasiya ehtiyatıdır, onun istifadəsi və mühafizəsi Nazirlik tərəfindən təmin edilir.

2. Reyestrin aparılması prinsipləri

2.1. Reyestr Azərbaycan Respublikasının dövlət dilində aparılır.

2.2. Reyestrdə olan məlumatlar informasiya alınması məqsədi ilə dövlət hakimiyyəti orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslər üçün açıqdır.

2.3. Reyestr vahiddir, vahid forma, metod və prinsiplər əsasında aparılır.

2.4. Reyestrin formalaşdırılması, aparılması, istifadəsi və orada saxlanılan məlumatların mühafizəsi elektron texnologiyalar əsasında həyata keçirilir.

3. Reyestrin strukturu və reyestrə daxil edilən məlumatlar

3.1.Reyestr “Lisenziyalar” və “İcazələr” bölmələrindən ibarətdir.

3.2. Reyestrə lisenziyalar və icazələrlə bağlı aşağıdakı məlumatlar daxil edilir:

3.2.1. lisenziya və icazə verən orqanın adı və ünvanı;

3.2.2. lisenziyanın (icazənin) sahibi barədə məlumatlar (hüquqi şəxsin, xarici hüquqi şəxsin filialının, nümayəndəliyinin adı və hüquqi ünvanı, fərdi sahibkarın soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi və fəaliyyət ünvanı);

3.2.3. lisenziya (icazə) sahibinin vergi ödəyicisinineyniləşdirmə nömrəsi;

3.2.4. lisenziyanın (icazənin) verildiyi tarix və qeydiyyat nömrəsi (icazə sənəd formasında verildikdə);

3.2.5. əgər varsa, icazənin müddəti (başlama və başa çatma tarixləri göstərilməklə);

3.2.6. lisenziyada göstərilmiş fəaliyyət növü və icazədə göstərilmiş hərəkət;

3.2.7. lisenziyanın və icazənin əlavəsinin verildiyi tarix və qeydiyyat nömrəsi (lisenziyanın və icazənin əlavəsi verildikdə);

3.2.8. yenidən rəsmiləşdirilmiş lisenziyanın və icazənin verildiyi tarix və qeydiyyat nömrəsi (lisenziya və icazə yenidən rəsmiləşdirildikdə);

3.2.9. lisenziyanın və icazənin dublikatının verildiyi tarix və qeydiyyat nömrəsi (dublikat verildikdə);

3.2.10. lisenziyanın və icazənin dayandırılması və bərpa edilməsi haqqında inzibati aktın tarixi və nömrəsi (dayandırılmanın və bərpanın əsasları göstərilməklə);

3.2.11. lisenziyanın və icazənin ləğvi haqqında inzibati aktın tarixi və nömrəsi (ləğvetmənin əsası göstərilməklə), məhkəmə qərarının tarixi və onu qəbul edən məhkəmənin adı.

4. Reyestrin aparılması

4.1. Reyestr elektron formada aparılır.

4.2. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 1 nömrəli əlavəsində nəzərdə tutulmuş fəaliyyət növlərinə verilən lisenziyalar, 3 nömrəli əlavəsində nəzərdə tutulmuş Nazirlik tərəfindən verilən icazələr istisna olmaqla digər lisenziya və icazələrə dair Qanunun 6.3.2-ci maddəsində göstərilən reyestrə yeni məlumatlar daxil edildikdə və ya həmin məlumatlar dəyişdirildikdə, onlar lisenziya və icazə verən orqan tərəfindən reyestrə daxil edilmək üçün hər ayın 10-dək elektron qaydada Nazirliyə təqdim edilir. Həmin məlumatlar təqdim edildiyi gün reyestrə daxil edilir.

4.3. Nazirlik tərəfindən verilən “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 1 və 3 nömrəli əlavələrində nəzərdə tutulmuş lisenziya və icazələrə dair bu Qaydanın 3.2-ci bəndində göstərilən məlumatlar yeniləndiyi gün reyestrdə qeydə alınır.

4.4. “Lisenziyalar və icazələr” portalında yerləşdirilən reyestrə məlumatların daxil edilməsi və yenilənməsi həmin portal vasitəsilə həyata keçirilir.

5. Reyestrdən istifadə

5.1. Reyestrdən dövlət orqanları, bələdiyyələr, təşkilati hüquqi formasından asılı olmayaraq hüquqi şəxslər, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri, fərdi sahibkarlar və sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər istifadə edə bilərlər.

5.2. Reyestrdə olan məlumatlar bu Qaydanın 5.1-ci bəndində göstərilən subyektlərin yazılı (o cümlədən elektron) sorğusu əsasında sorğunun daxil olduğu tarixdən 5 (beş) iş günü ərzində Nazirlik tərəfindən verilir.

5.3. “Lisenziyalar və icazələr” portalında yerləşdirilən reyestrdən məlumatlar bu Qaydanın 5.1-ci bəndində göstərilən subyektlər tərəfindən həmin portalda olan axtarış sistemi vasitəsilə birbaşa əldə olunur.

5.4. Reyestrdən istifadə və reyestrdən məlumatların alınması ödənişsizdir.

Son xəbərlər

Orphus sistemi