​Lənkəranda dağılan körpünün bərpasına başlanılıb

​Lənkəranda dağılan körpünün bərpasına başlanılıb 1961-ci ildə inşa edilən körpü qəzalı vəziyyətindədir
İnfrastruktur
13 May , 2015 15:17
​Lənkəranda dağılan körpünün bərpasına başlanılıb

Bakı. 13 may. REPORT.AZ/ Ələt-Astara-İran sərhədi avtomobil yolunun 186-cı kilometrliyində, Lənkəran rayonunun Liman şəhəri ərazisində Boladiçay çayı üzərindəki dağılan körpüdə artıq təmir işlərinə başlanılıb. Bərpa işlərinin nə vaxt başa çatacağı isə hələ məlum deyil. Bu barədə "Report"a Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin Mətbuat Katibliyindən məlumat verilib.

Qeyd edək ki, Boladiçay üzərində yerləşən körpüdə ağır yüklü maşınların intensiv hərəkəti nəticəsində ötən gün saat 20:00 radələrində körpünün orta aşırımında 3 ədəd aşırım tiri sınıb. Nəticədə körpü qəzalı vəziyyətə düşüb. Nəqliyyatın hərəkəti körpü üzərində tam məhdudlaşdırılıb.

"Minik avtomobillərinin sürücüləri yaxınlıqdakı alternativ körpüdən istifadə etməklə hərəkətlərini davam etdirə bilərlər. Ağırçəkili və iriqabaritli nəqliyyat vasitələrinin müvəqqəti hərəkəti üçün isə çay yatağına boru düzülərək alternativ yol düzəldilir. Yol yaxın saatlarda tam hazır olacaq. Bundan başqa, nəqliyyat vasitələri alternativ olaraq M-3 (186 km)-Boladi-Zövlə yolundan istifadə edə bilərlər", - "Azəryolservis"dən bildirilib.

Qeyd edək ki, körpü 1961-ci ildə inşa edilib. Ümumi uzunluğu 50 metr, eni isə 7 metr olan körpü 3 aşırımdan ibarətdir.

Son xəbərlər

Orphus sistemi