Yuxarı

​“Kütləvi çıxarış” kampaniyası Şəkidə davam edib

Əmlak Məsələsi Dövlət Komitəsi bu il ərzində mobil ofis xidmətləri vasitəsilə 45 500 müraciət qəbul edib

Bakı. 6 iyul. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin sosial tədbiri olan “kütləvi çıxarış” kampaniyası “bir pəncərə” prinsipinin tətbiqi ilə bu gün Şəki rayonunun sakinlərinə xidmət göstərib.

“Report” Komitəyə istinadən bildirir ki, kampaniya əvvəllər yalnız xüsusi sosial təbəqədən olan və əvvəlki illərdə müxtəlif qurumlar tərəfindən verilmiş mülkiyyətə dair sənədlərin çıxarışlarla əvəz olunmasını nəzərdə tuturdusa, indi isə ümumiyyətlə vətəndaşların daşınmaz əmlaklarının dövlət qeydiyyatına alınmasını əhatə edir. Burada məqsəd xidməti vətəndaşa çatdırmaq, vaxta qənaət, rahatlıq və çevikliyi təmin etməkdir.

Belə ki, bilavasitə yerlərdə davamlı olaraq mobil ofis xidməti vasitəsi ilə keçirilən “kütləvi çıxarış“ kampaniyasından yararlanmaq üçün, artıq hər bir vətəndaşın daşınmaz əmlaklarını qeydiyyata aldırmaq üçün qanunvericiliyə uyğun olaraq “bir pəncərə”də müraciəti qəbul ediləcək. Kampaniya ucqar kənd sakinlərinin, rayon, şəhər mərkəzlərinə gələ bilməyən vətəndaşların komitənin mobil ofislərində mülkiyyətə dair sənədlərini təqdim etməsini və çıxarış almasını təmin edir. Şəkidə həyata keçirilən kampaniya çərçivəsində bir sıra fiziki məhdudiyyətli vətəndaşlara birbaşa öz evlərində qeydiyyat xidmətləri göstərilib.

Şəkidə baş tutan kampaniya çərçivəsində 300-ə yaxın vətəndaşa dövlət reyestrindən çıxarış verilib, 250-yə yaxın vətəndaşdan daşnmaz əmlaka, həmçinin torpağa dair qeydiyyat üçün zəruri sənədlər qəbul edilib.

Qeyd edək ki, bu kampaniya Komitənin mobil ofis xidmətləri vasitəsilə həyata keçirilir. Bu xidmətlə bağlı Komitənin rəsmi internet səhifəsində (vətəndaşlar üçün bölməsində) ölkə üzrə fəaliyyət göstərən aylıq mobil ofis xidməti qrafiki yerləşdirilir. Maraqlanan vətəndaşlar 148 saylı (daxili 5) çağrı mərkəzinə müraciət etməklə xidmətdən faydalana bilir. İndiyədək kampaniya çərçivəsində ümumilikdə 3800-ə yaxın vətəndaşa dövlət reyestrindən çıxarış təqdim olunub. Bundan əlavə, kampaniyadan da əvvəl başlamış mobil ofis xidmətləri vasitəsilə isə ölkə üzrə 2015-ci ildə vətəndaşlardan 45 500 müraciət qəbul edilib.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi