Yuxarı

​Kür çayı üzərində yeni körpünün inşası başa çatır - FOTO

Artıq burada işlərin 96%-i yerinə yetirilib

Bakı. 4 avqust. REPORT.AZ/ Ələt-Astara avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində yolun Ələt-Masallı hissəsində Kür çayı üzərindən yeni körpünün tikintisi işləri yekunlaşmaq üzrədir. 

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, layihə çərçivəsində tikinti işləri Ələt-Astara avtomobil yolunun 54,4-55,8 km-də 1 400 metrlik ərazidə aparılıb. Beş aşırımdan ibarət yeni körpünün uzunluğu 362,9 metr, eni isə 29,8 metrdir. Körpüdə hər birinin eni 3,75 metr olan 4 hərəkət zolağı nəzərdə tutulub. Piyadaların körpüdən rahat və təhlükəsiz şəkildə istifadəsi üçün 1,3 metr enində səkilər qurulub. Yeni körpü suyun səviyyəsindən 15 metr hündürlükdə inşa edilib.

Tikinti işləri çərçivəsində 3 ədəd dairəvi borunun quraşdırılması aparılıb, 1 ədəd düzbucaqlı su keçidi, 1 heyvan keçidi, 1 alt keçid inşa edilib. Bundan başqa, 8x5 metr ölçüdə əlavə yeraltı keçidin tikintisi və körpü üzərində işıqlandırma sisteminin quraşdırılması işləri də həyata keçirilib.

Ümumilikdə, indiyə qədər yerinə yetirilmiş fiziki işlərin həcmi 96%-dir. Artıq yeni körpüdə son tamamlanma işləri aparılır. Hazırda körpüdə asfalt-beton örtüyünün son aşınma qatının döşənməsi, tağın rənglənməsi və təhlükəsizlik məhəccərlərinin düzülməsi işləri aparılır. İşlər tərtib olunmuş qrafikə uyğun həyata keçirilir və tez bir zamanda yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi