Yuxarı

Kazanda ​MDB-nin Standartlaşdırma, Metrologiya və Uyğunluğun qiymətləndirilməsi üzrə Şurasının iclası keçirilib

Müzakirələrdə Dövlətlərarası Şuranın 2020-ci il üzrə inkişaf strategiyasından irəli gələn məsələlər prioritet təşkil edib

Bakı. 20 oktyabr. REPORT.AZ/ Kazan şəhərində (Tatarıstan, Rusiya) MDB-nin Standartlaşdırma, Metrologiya və Uyğunluğun qiymətləndirilməsi üzrə Şurasının Metrologiya üzrə Elmi-Texniki Komissiyasının 40-cı iclası və bu Komissiyanın Dağıdılmadan nəzarət üzrə İşçi Qrupun 16-cı iclası keçirilib. Bu barədə "Report"a Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə Rusiya, Belarus, Qırğızıstan, Özbəkistan, Ukrayna, Moldova və Azərbaycanın metrologiya üzrə mütəxəssisləri adıçəkilən sahəyə aid bir çox məsələləri müzakirə edib və fikir mübadiləsi aparıblar. Bunların sırasında ölçmələrin vəhdətinin təmin olunması sahəsində dövlətlərarası standartların təkmilləşdirilməsi, Dövlətlərarası Şuranın 2020-ci il üzrə inkişaf strategiyasından irəli gələn məsələlər prioritet təşkil edib. Həmçinin, dağıdılmadan nəzarət sahəsində milli orqanlar tərəfindən həyata keçirilən işlər müzakirə olunub, Dağıdılmadan nəzarət üzrə İşçi Qrupunun ixtisasının artırılması və sertifikatlaşdırılması üzrə ISO 9712:2005 beynəlxalq standartı əsasında dövlətlərarası standartın hazırlanması qərara alınıb.

Qeyd edək ki, iclaslarda Azərbaycanı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi metrologiya şöbəsinin müdir müavini Yusif Həsənov təmsil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi