Yuxarı

Abşeron rayonunda iki küçə əsaslı şəkildə təmir olunub

Hökməli-Qobu-Güzdək avtomobil yolunun 1,5 km-lik hissəsi bərpa edilib

Bakı. 1 avqust. REPORT.AZ/ Abşeron rayonu Hökməli-Qobu-Güzdək avtomobil yolunun bir hissəsi və Masazır qəsəbəsinin iki küçəsi əsaslı şəkildə təmir olunub. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən "Report"a daxil olan xəbərə görə, Hökməli istiqamətindən start verilən təmir-tikinti işləri zamanı 11 km uzunluğunda və 9,5 metr enində olan Hökməli-Qobu-Güzdək avtomobil yolunun 1,5 km-lik hissəsi əsaslı şəkildə təmir olunub.

Ərazidə aparılan əsaslı təmir işləri zamanı yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək ərazidən daşınıb, yol əsasının yararsız torpaq qatı qazılaraq çıxarılıb, daha sonra karbonat materialı tökülərək yenidən kipləşdirilib. Bundan başqa, qrunt sularının kənarlaşdırılması üçün ərazidə təqribən 1 km uzunluğunda drenaj sistem yaradılıb.

Yolun hərəkət hissəsi asfaltlanması üçün hazır vəziyyətə gətirilib və ikiqat asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilıb. Ümumilikdə, 15 min kv.metrə yaxın sahə asfaltlanıb.

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində Abşeron rayonunda aparılan kompleks tədbirlər çərçivəsində Masazır qəsəbəsinin bir-neçə küçəsində təmir işləri aparılıb. Təmir işləri ilkin olaraq qəsəbənin Heydər Əliyev və Zərifə Əliyeva küçələrində aparılıb. Müvafiq olaraq küçələrin uzunluqları 1 200 və 1 280 metrdir.

Aparılan işlər çərçivəsində zəruri yerlərdə yol yatağı kipləşdirilib və asfalt-beton örtüyünün döşənməsi üçün yolun hərəkət hissəsi hazır vəziyyətə gətirilib. Daha sonra H.Əliyev küçəsinin 5 400 kv.m, Z.Əliyeva küçəsinin isə 7 500 kv.m sahəsinə yeni asfalt-beton örtüyü döşənib.

Bundan başqa, küçələrdə piyadaların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə zəruri olan yerlərdə piyada səkilərinin tikintisi işləri də aparılıb. Səkilər 1-1,5 metr enində tikilib, kənarlarına səki daşları düzülərək asfaltlanıb.



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi