Yuxarı

​İran və Rusiya Azərbaycandan keçəcək nəqliyyat marşrutunu müzakirə edəcək

Rusiya Federal Gömrük Xidmətinin rəhbəri bu məqsədlə Tehrana səfər edəcək

Bakı. 11 may. REPORT.AZ/ Rusiya Federal Gömrük Xidmətinin (FGX) rəhbəri Andrey Belyaninov 16-17 may tarixlərində İrana səfər edəcək. O, qonşu ölkədə iqtisadiyyat və maliyyə nazirinin müavini, İranın Gömrük Administrasiyasının rəhbəri Məsud Karbasian ilə danışıqlar aparacaq.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti"yə Rusiya FGX-nin Mətbuatla qarşılıqlı fəaliyyət üzrə şöbəsinin rəisi Dmitri Kotikov məlumat verib.

"Gömrük prosedurlarının yüngülləşdirilməsinə yönəlmiş "Sadələşdirilmiş gömrük dəhlizi" və "Şimal-Cənub" layihələrinin reallaşdırılması üzrə məsələlərin müzakirə olunması planlaşdırılır", — deyə idarə rəsmisi bildirib.

Onun sözlərinə görə, birinci layihə Rusiya və İran arasında hərəkətdə olan mal və nəqliyyat vasitələri haqqında ilkin informasiya mübadiləsini nəzərdə tutur. O artıq Moskva və Tehranda biznesə təqdim olunub.

"Şimal-Cənub" layihəsi ümumi uzunluğu 7 min km-dən çox olan, Helsinkidən başlayaraq Rusiya, Azərbaycan və İrandan keçməklə Hindistanın Mumbay limanına və Cənub-Şərqi Asiyaya qədər uzanan multimodal yüklərin nəqli marşrutudur", — deyə Kotikov izah edib.

O əlavə edib ki, Belyaninov İrana səfəri çərçivəsində İran biznesinin nümayəndələri ilə də görüşmək niyyətindədir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi