İran prezidenti: "Rəşt-Astara dəmir yolu hətta Afrika və Asiya qitələri üçün faydalı olacaq"

İran prezidenti: "Rəşt-Astara dəmir yolu hətta Afrika və Asiya qitələri üçün faydalı olacaq" "Biz bölgədə və dünyada möhkəm sülhün və təhlükəsizliyin bərqərar olduğunu görmək arzusundayıq"
İnfrastruktur
28 Mart , 2018 22:35
İran prezidenti: Rəşt-Astara dəmir yolu hətta Afrika və Asiya qitələri üçün faydalı olacaq

Bakı. 28 mart. REPORT.AZ/ "Mən və məni müşayiət edən nümayəndə heyəti çox şadıq ki, bu gün və sabah sizin və dost, qardaş Azərbaycan xalqının qonağıyıq. Bu günlər bizim üçün şadlıq günləri və Novruz bayramıdır ki, bu da qardaş xalqların ortaq bayramıdır".

“Report” xəbər verir ki, bunu martın 28-də Bakıda Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü zamanı İslam Respublikasının dövlət başçısı Həsən Ruhani deyib.

"Sizin dövlətinizə və bütün Azərbaycan xalqına uğurlar arzulayıram. İnşallah, iki böyük İran və Azərbaycan xalqlarını qarşıda xoş günlər və aylar gözləyir. Çox şadam ki, ötən illər ərzində Sizinlə birlikdə keçirdiyimiz görüşlərin, habelə nazirlərin, müştərək komissiyanın və səfirlərin gördüyü işlərin səmərəli nəticələrinin şahidiyik. Əməkdaşlığımız təkcə iki ölkənin deyil, həm də bütün bölgənin xeyrinədir. Şimal-Cənub dəhlizi çərçivəsində Rəşt-Astara dəmir yolunun çəkilişi istiqamətində tərəfdaşlığımız qiymətcə sərfəli, rahat və qısa yol olmaqla hər iki dövlət və həm də bölgənin ölkələri, hətta Afrika, Asiya qitələri üçün faydalı olacaq. Bu, onun göstəricisidir ki, əməkdaşlığımız bölgənin və dünyanın mənafeyinə xidmət edir", - deyə o bildirib.

Həsən Ruhani çıxışı zamanı Xəzər dənizi ilə bağlı məsələyə də toxunub:

"Xəzər dənizində başladığımız yeni əməkdaşlıq o mənanı daşıyır ki, Allahın verdiyi bu nemətdən, yəni, Xəzər dənizinin sahilyanı ölkələrə verdiyi töhfəsindən maksimum dərəcədə bəhrələnək.

Əslində, qərarın qəbul edilməməsinin nəticəsidir ki, böyük bir sərvət istifadəsiz qalıb. Biz ya əmək resurslarının, ya pulun, ya sərmayənin, ya da sərvətin istifadəsiz qalmasının tərəfdarı deyilik. Biz qarşılıqlı səylər və əməkdaşlıq yolu ilə bu sərmayədən yararlana bilərik və hər iki xalq onun şahidi ola bilər ki, Xəzər dənizi inkişaf, sülh və dostluq dənizidir. Bu dəniz qardaşlıq əlaqələrimizi daha da gücləndirir. Qarşılıqlı sərmayə qoyuluşu və sabah açılışı olacaq bəzi layihələr onu göstərir ki, hər iki dövlət münasibətlərimizin genişləndirilməsi istiqamətində addımların atılmasında, ikitərəfli və çoxtərəfli əlaqələrimizin inkişaf etməsində qərarlıdır. İki ölkə arasında elm, mədəniyyət, ali təhsil sahələrində əlaqələrin genişləndirilməsinin və turizmin inkişafının tərəfdarıyıq".

İran prezidenti iki ölkənin bölgədə və dünyada sülhün və təhlükəsizliyin təmin olunmasına dair baxışlarının oxşar olduğunu qeyd edib:

"Bölgədə və dünyada sülhün və təhlükəsizliyin təmin olunmasında oxşar və yaxın baxışlarımız vardır. Biz bu baxışlardan istifadə etmək və bölgədə, həmçinin dünyada möhkəm sülhün və təhlükəsizliyin bərqərar olduğunu görmək arzusundayıq. Arzu edirəm ki, siyasət, iqtisadiyyat, mədəniyyət sahələrində, eləcə də regional və beynəlxalq əlaqələr müstəvisində günbəgün münasibətlərimizin inkişafının şahidi olaq".

Son xəbərlər

Orphus sistemi