İran Əmirabad limanında bərə terminalının tikintisi zamanı Azərbaycanın təcrübəsindən istifadə edəcək

İran Əmirabad limanında bərə terminalının tikintisi zamanı Azərbaycanın təcrübəsindən istifadə edəcək Əmirabad limanının əməkdaşları və podratçı şirkətlərin nümayəndələri Bakı Beynəlxalq Dəniz Ticarət Limanında olublar
İnfrastruktur
10 Mart , 2017 18:37
İran Əmirabad limanında bərə terminalının tikintisi zamanı Azərbaycanın təcrübəsindən istifadə edəcək
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC

Bakı. 10 mart. REPORT.AZ/ İran Əmirabad limanında bərə terminalının tikintisi zamanı Azərbaycanın təcrübəsindən istifadə edəcək. 

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-dən "Report"a verilən məlumata görə, bu məqsədlə Əmirabad limanının əməkdaşları və podratçı şirkətlərin nümayəndələri Bakı Beynəlxalq Dəniz Ticarət Limanında olublar. Azərbaycan dənizçiləri ilə geniş fikir mübadiləsi aparan qonaqlara bərə terminalının iş prinsipi və texniki xüsusiyyətləri barədə ətraflı məlumat verilib, onların bərə tipli gəmilərin idarə olunması ilə bağlı sualları cavablandırılıb. Həmçinin, bərələrin körpüyə yan alması, dəmiryolu qatarlarının bərəyə daxil olması və xaric edilməsi prosesləri qonaqlara əyani şəkildə nümayiş etdirilib.

Əmirabad limanının texniki və mühəndis məsələləri üzrə direktor müavini Kamal Abdullahi bildirib ki, Xəzəryanı ölkələr arasında Azərbaycanın dənizçilik təcrübəsi onlar üçün hər zaman maraqlı olub. Məhz bu səbəbdən Əmirabadda bərə terminalının tikintisi zamanı Azərbaycanın təcrübəsinin öyrənilməsinə üstünlük verilib.

Əmirabad bərə terminalının beş ay ərzində tikilməsini qarşılarına məqsəd qoyduqlarını deyən Kamal Abdullahi bu istiqamətdə əməkdaşlığın davam etdiriləcəyini vurğulayıb.

Xatırladaq ki, Xəzərdə yeganə bərə operatoru olan Gəmiçiliyin donanmasında hazırda 13 tip bərə, 2 tip Ro-Ro gəmisi var. Yaxın günlərdə isə yeni nəsil Ro-Pax tipli gəmilərin Bakı Gəmiqayırma Zavodunda metal kəsimi baş tutacaq. 

Son xəbərlər

Orphus sistemi