Yuxarı

​İlham Əliyev: "Əgər biz bu işləri görməsəydik indi şəhər tıxac içində boğulardı"

Metro, avtobus, digər vasitələr vahid sistem şəbəkəsinə qoşulmalıdır

Bakı. 12 yanvar. REPORT.AZ/ "Ötən il şəhər nəqliyyatının tənzimlənməsi üçün lazımi tədbirlər görülüb. Ölkəmizə yeni müasir avtobuslar gətirilib. Yeni marşrutlar açılıb. Yeni idarəetmə qaydaları tətbiq edilir. Şəhər nəqliyyatı vahid bir sistem olmalıdır, inteqrasiya edilmiş sistem".

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin yanvarın 10-da 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Dövlət başçısının sözlərinə görə, burada da inkişaf etmiş şəhərlərin təcrübəsi tətbiq olunmalıdır:

"Metro, avtobus, digər vasitələr vahid sistem şəbəkəsinə qoşulmalıdır. Müvafiq göstərişlər verilib. Yeni qurum yaradılıb. Tezliklə bu qurumun işi təşkil edilməlidir ki, şəhər nəqliyyatı Bakıda ən yüksək standartlara cavab versin. İndi bizim texniki vasitələrimiz var, müasir avtobuslar alınıb, yenə də almaq lazımdır. Sistem elə olmalıdır ki, yollar, dayanacaqlar, işıqforlar, metro, avtobus vahid sistem kimi işləməlidir. Bakıdan çəkilən yeni yollar bax bu ümumi siyasətin tərkib hissəsi olmalıdır".

Prezident bildirib ki, "biz Bakıda son vaxtlar şəhər nəqliyyatının təkmilləşdirilməsi üçün çox böyük işlər görmüşük. Körpülər salınıb, yollar genişləndirilib, yolötürücüləri tikilib. Çox böyük işlər görülüb. Əgər biz bu işləri görməsəydik indi şəhər tıxac içində boğulardı. Ancaq bundan sonra daha da məqsədyönlü və düşünülmüş işlər aparılmalıdır. Proqram şəklində, yəni pərakəndə qaydada yox. Hansı yollar harada açılmalıdır, harada köçürmələr olmalıdır. Bu il bax bu sahəyə çox ciddi diqqət verilməlidir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi