Yuxarı

​İki dövlət qurumunun ləğvi ilə bağlı aparılan təhvil-təslim işləri yubanır

İki ay davam etməli olan təhvil-təslim prosesi aprelin 10-dək yekunlaşmalı idi

Bakı. 25 aprel. REPORT.AZ/ Bu ilin əvvəlində ləğv edilən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Əmlak Məsələləri Dövlət Komitəsinin balansına keçirilməsi ilə bağlı aparılan təhvil-təslim prosesi hələ başa çatmayıb. Bunu "Report"a açıqlamasında Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov deyib.

"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev də "Report"a açıqlamasında deyib ki, "Azərişıq" ASC-nin formalaşması prosesi çərçivəsində "Azerenerji"nin satış funksiyasının qəbulu ilə bağlı təhvil-təslim işləri hələ tam bitməyib: "Proses hələ yekunlaşmayıb. Biz nizamnaməmizin təsdiq edilməsini gözləyirik. Yəqin ki, tezliklə mətbuatda özünüz də bunu görəcəksiniz. Güman edirəm ki, növbəti həftə bütün işlər yekunlaşacaq".

Buna baxmayaraq T.Mustafayev artıq regionlarda müəyyən işlərin aparıldığı qeyd edib: "Təhvil-təslimin bitməsini gözləmədən artıq bəzi işləri görməyə başlamışıq. Regionlarda köhnə xətlər, uzun müddət istismar edilən ağac dayaqlar yeniləri ilə əvəz edilir".

Abunəçilərə sayğacların quraşdırılması prosesinin dayandırılması ilə bağlı məsələlərə aydınlıq gətirən "Azərişıq" sözçüsü bu məsələlərin də tezliklə həllini tapacağını deyib: "Bu proses bir mərkəzdən idarə olunacaq. Abunəçilər daha rahat və keyfiyyətli xidmət əldə edəcəklər".

Xatırladaq ki, bu ilin fevralın 5-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında fərman imzalayıb. Fərmana görə, ləğv edilən qurumun funksiyaları iki ay ərzində Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Sərhəd Xidməti və Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında bölüşdürülməlidir. Təhvil-təslim prosesi isə aprelin 6-da başa çatmalı idi.

Dövlət başçısının 9 fevral 2015-ci il tarixli sərəncamı ilə isə "Bakıelektrikşəbəkə" ASC-nin bazasında "Azərişıq" ASC yaradılıb və "Azərenerji" ASC-nın enerji satışı funksiyası yeni quruma həvalə edilib. Sərəncama görə, iki ay davam etməli olan təhvil-təslim prosesi aprel ayının 10-da yekunlaşmalı idi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi