Yuxarı

​I Avropa Oyunlarının idman arenalarına gedən yolların təmiri başa çatır

Bu barədə Nəqliyyat Nazirliyinin Azəryolservis ASC açıqlama yayıb

Bakı. 27 aprel. REPORT.AZ/ Bu il iyunda Bakı şəhərində keçiriləcək I Avropa Oyunları ilə bağlı nəqliyyat-yol kompleksi üzrə məsələlərin həlli üçün Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC müvafiq Tədbirlər Planı çərçivəsində avtomobil yolları ilə əlaqədar hissəsindəki işlərin icrası artıq başa çatmaq üzrədir.

“Azəryolservis”in Mətbuat Katibliyindən "Report"a verilən məlumata görə, uzunluğu 10 km olan Ziya Bünyadov prospektinin yenidən qurulması və prospekt üzərində yol qovşaqlarının tikintisi işləri başa çatdırılaraq 2014-cü ilin dekabrın 23-də Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirilib.

Bakı Olimpiya Stadionuna gedən yolun və yol qovşaqlarının tikintisi (17 km), Həsən Əliyev küçəsinin sonundan Heydər Əliyev və Ziya Bünyadov prospektlərinə paralel "Koroğlu" metro stansiyasına qədər yolun tikintisi (stadiondan 3 km-lik hissəsi), Su İdmanı Sarayı ərazisindəki yolların tikintisi (5,4 km), Respublika Stend Atıcılığı İdmanı Kompleksi və Veloparka gedən yolun tikintisi işləri (2,0 km) artıq başa çatdırılıb.

Stend Atıcılığı İdmanı Kompleksindən, eləcə də Beynəlxalq Avtovağzal ərazisindən Dairəvi Yola çıxış üçün uzunluğu 1 km olan estakada (450 metr, 2 hərəkət zolaqlı) və yolun tikintisi işlərinin mayın 10-da başa çatdırılması nəzərdə tutulur.

Bakı Dairəvi yolunun 14 km-lik şəhərdən çıxan hissəsinin təmiri başa çatdırılıb. Əks istiqamətdə isə işlər may ayının 4-dək başa çatdırılacaq. Biləcəri enişindən Beynəlxalq Avtovağzal ərazisinə giriş yolunun və dairənin tikintisi işləri də may ayının əvvəlində başa çatdırılacaq.

Fəxri qonaqların, idmançıların və tamaşaçıların qarşılanması üçün ən çox istifadə ediləcək Heydər Əliyev prospektinin əsas yol hissəsinin təmiri başa çatdırılıb. Yan yolların təmiri işləri isə may ayının 10-dək başa çatdırılacaq.

Avropa oyunlarının “Məşəl Proqramı”na uyğun olaraq, Suraxanı rayonundakı Atəşgah məbədinə gedən Səttar Bəhlulzadə küçəsinin 9 km-lik hissəsinin təmiri başa çatıb. I Avropa Oyunlarının Təşkilat Komitəsinin (BEGOC) yüklərinin saxlanacağı Suraxanı rayonu ərazisindəki anbara gedən uzunluğu 4,1 km olan 2 hərəkət zolaqlı yolun tikintisi də başa çatmaq üzrədir.

“Məşəl Proqramı” çərçivəsində bütün Azərbaycanı gəzdiriləcək və Atəşgah məbədindən götürülən “Azərbaycanın Odu”nun hərəkət marşrutu üzrə də təmir işləri davam etdirilir. Xüsusilə Ağdam rayonu ərazisində 6 km, Xocavənd rayonu ərazisində 4 km, Şamaxı rayonu ərazisində 4 km və s. işlər də başa çatdırılmaq üzrədir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi