Hökməli-Müşfiqabad avtomobil yolu boyunca torpaqların istifadəsi ilə bağlı monitorinq keçirilib

Hökməli-Müşfiqabad avtomobil yolu boyunca torpaqların istifadəsi ilə bağlı monitorinq keçirilib Səmərəsiz istismar olunan 200 min hektara yaxın torpaq sahəsinin geri qaytarılması istiqamətində iş aparılır
İnfrastruktur
8 Dekabr , 2016 16:58
Hökməli-Müşfiqabad avtomobil yolu boyunca torpaqların istifadəsi ilə bağlı monitorinq keçirilib

Bakı. 8 dekabr. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) torpaq müffətişləri bu gün Bakı-Şamaxı avtomobil yolunun Hökməli-Müşfiqabad hissəsində monitorinq keçirib.

Komitənin mətbuat xidmətindən "Report"a verilən xəbərə görə, monitorinq zamanı bir sıra hallarda hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqların məqsədli təyinatının, kateqoriyasının özbaşına dəyişdirilməsi faktları aşkarlanıb. Belə ki, belə torpaqlarda qanunsuz tikinti işlərinin aparılması və əlavə torpaq sahələrinin zəbt olunması halları müəyyən edilib.

Aşkar olunan pozuntu halları ilə bağlı İnzibati Xətalar və Cinayət məcəllələrinin müvafiq maddələri ilə akt və protokollar tərtib olunub. Bu akt və protokollar pozuntuya yol verən fiziki, vəzifəli şəxslərə təqdim edilib.

Vətəndaşlara tətbiq olunan cərimələrin 30 gün müddətində büdcəyə ödənişinin məcburiliyi, əks halda qanuna uyğun tədbirlərin görüləcəyi, habelə qərardan 10 gün ərzində şikayət vermək hüququ bildirilib.

Komitənin indiyədək keçirdiyi belə monitorinqlər sayəsində istifadədən kənarda qalan, eləcə də səmərəsiz istismar olunan 200 min hektara yaxın torpaq sahəsinin geri qaytarılması istiqamətində işlər aparılır.

Ümumilikdə, Komitə tərəfindən keçirilən monitorinqlər nəticəsində İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, 1 000 çox hal üzrə inzibati xətaya yol verən fiziki, hüquqi və vəzifəli şəxslər barədə inzibati protokollar tərtib edilib. Bunlardan 900 hal üzrə inzibati tənbeh vermə haqqında qərarlar qəbul edilərək müvafiq cərimələr tətbiq olunub. Aşkar olunan pozuntular əsasən kənd təsərrüfatı torpaqlarının təyinatının məqsədli şəkildə dəyişdirilməsi, dövlət və bələdiyyə torpaqlarının qeyri-qanuni zəbt olunması, süni balıq göllərinin salınması, daş karxanaların fəaliyyəti, mühafizə zolaqları ilə bağlı qanunvericiliyin tələblərinin pozulması, torpaqların üst münbit qatının korlanması ilə bağlı olub. Bu tədbirlər nəticəsində istifadəsiz torpaqların dövlət mülkiyyətinə geri qaytarılması və dövriyyəyə buraxılması istiqamətində də proses davam etdirilir. 

Komitə tərəfindən qarşıdakı dövrdə də torpaqlardan qeyri-qanuni və səmərəsiz istifadəsi ilə bağlı monitorinqlər davam etdiriləcək. Bu sahədə baş verən qanun pozuntularına qarşı hüquqi müstəvidə sərt tədbirlərin görülməsi təmin ediləcək.

Son xəbərlər

Orphus sistemi