Hindistandan gələn dostluq avtoyürüşünün iştirakçıları Rusiyaya yola düşüblər - VİDEO

Hindistandan gələn dostluq avtoyürüşünün iştirakçıları Rusiyaya yola düşüblər - VİDEO Bakı. 7 may. REPORT.AZ/ Hindistandan başlayan avtomobil yürüşünün iştirakçıları mayın 7-də Azərbaycan Avtomobil Federasiyasının (AAF) dəstəyi ilə Bakıdan, Heydər Əliyev Mərkəzinin qarşısından Rusiyaya yola salınıblar.
İnfrastruktur
7 May , 2018 14:35
Hindistandan gələn dostluq avtoyürüşünün iştirakçıları Rusiyaya yola düşüblər - VİDEO

Bakı. 7 may. REPORT.AZ/ Hindistandan başlayan avtomobil yürüşünün iştirakçıları mayın 7-də Azərbaycan Avtomobil Federasiyasının (AAF) dəstəyi ilə Bakıdan, Heydər Əliyev Mərkəzinin qarşısından Rusiyaya yola salınıblar.

AAF-dan "Report"a verilən məlumata görə, məqsəd Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi marşrutunun tanıdılmasıdır.  

Qeyd edək ki, dostluq avtoyürüşü aprelin 28-də start görürüb və dörd ölkəni - Hindistan, İran, Azərbaycan və Rusiyanı əhatə edir. Yürüşdə Hindistanın "Kalinqa" Avtomobil İdman Klubuna məxsus avtomobillər iştrak edir. Yürüş iştirakçıları Hindistandan İranın Bəndər-Abbas limanına dəniz yolu ilə çatıblar. Pilotlar İran ərazisindən keçərək mayın 5-də Azərbaycanın Astara rayonu ərazisinə daxil olub, daha sonra Lənkəran şəhərindən Bakıya doğru yürüş ediblər.

Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana Bakıdan yolasalma mərasimində çıxışında bildirib ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ölkələr arasında yeni marşrutdur və bütün regiona investisiya, inkişaf gətirəcək. Səfir tədbirin ərsəyə gəlməsində oynadığı rola görə Azərbaycan Avtomobil Federasiyasında təşəkkürünü bildirib.

İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin region üçün böyük əhəmiyyətə malik olduğunu, ölkələr və xalqlar arasında dostluğun simvolu olduğunu bildirib. Qeyd edib ki, gənclərin dostluq şəraitində keçirdiyi bu avtoyürüş bölgədə sülh və əmin-amanlığın bütün ölkələrin arzusu olduğunu nümayiş etdirir.

Rusiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Oleq Muraşev bildirib ki, bu beynəlxalq nəqliyyat dəhlizi təkcə infrastrukturun, iqtisaidyyatın deyil, həm də xalq diplomatiyasının inkişafı baxımından əhəmiyyətlidir. Səfirin sözlərinə görə, avtoyürüşün bir sıra əhəmiyyətli hadisələrlə üst-üstə düşməsi rəmzi məna daşıyır. Belə ki, bu il Rusiya və Hindistan arasındakı diplomatik əlaqələrin 70 illiyi qeyd olunur. Həmçinin, bu günlərdə Azərbaycanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi qeyd olunur, eyni zamanda 9 may - faşizm üzərində Qələbə günü bayram edilir.

Heydər Əliyev Mərkəzinin direktoru, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov bildirib ki, bu tədbirin Azərbaycanda keçirilən digər avtomobil yarışları ilə də eyni vaxta düşməsi sevindirici haldır. 

Anar Ələkbərov bu günlərdə Bakıda "Formula-1" Azərbaycan Qran-prisinin keçirildiyini və yaxın zamanlarda kartinq yarışlarının planlaşdırıldığını qeyd edib. Onun sözlərinə görə, avtomobil həvəskarları bu yürüşü Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin önəmini vurğulamaq, həmçinin dövlətlərarası münasibətlərin inkişafına töhfə vermək məqsədilə təşkil ediblər. 

Bildirilib ki, mühüm çoğrafi mövqeyə malik, beynəlxalq nəqliyyat marşrutunun üzərində yerləşən Azərbaycan üçün qonşu ölkələrlə ticarət əlaqələrinin inkişafı baxımından da bu layihə böyük əhəmiyyətə malikdir.

Qeyd edək ki, yürüş iştirakçıları mayın 6-da Bakıda "Atəşgah" məbədi, İçərişəhər və Heydər Əliyev Mərkəzi ilə tanış olublar.

Bu gün Bakıdan yola düşən pilotlar Qusar rayonunun Samur sərhəd-keçid məntəqəsindən keçərək Rusiyanın Sankt-Peterburq şəhərinə gedəcəklər. 

Son xəbərlər

Orphus sistemi