Kənd təsərrüfatı naziri: "Ötən il ixracın həcmi 20,7 faiz artıb"

Kənd təsərrüfatı naziri: "Ötən il ixracın həcmi 20,7 faiz artıb" Nazir: "Keçən il, aqrar sektorun çoxsahəli və şaxələndirilmiş inkişafında dönüş ili olub"
İnfrastruktur
30 Yanvar , 2017 22:10
Kənd təsərrüfatı naziri: Ötən il ixracın həcmi 20,7 faiz artıb

Bakı. 30 yanvar. REPORT.AZ/ "Keçən il, aqrar sektorun çoxsahəli və şaxələndirilmiş inkişafında da dönüş ili olub. Kənd təsərrüfatı məhsullarının faktiki qiymətlərlə dəyəri 5,6 milyard manat təşkil etməklə, əvvəlki illə müqayisədə 2,6 faiz artıma nail olunub".

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov yanvarın 30-da Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda bildirib.

Nazir qeyd edib ki, bu artım yalnız ümumilikdə deyil, demək olar ki, əksər məhsullar üzrə müşahidə edilib. Belə ki, artım barama üzrə 300 dəfə, soya üzrə 2,8 dəfə, pambıq üzrə 2,5 dəfə, yaşıl çay yarpağı üzrə 75 faiz, şəkər çuğunduru üzrə 73 faiz, düyü üzrə 72 faiz, buğda üzrə 9,8 faiz, kartof üzrə 7,5 faiz və s. təşkil edib.

İxracın həcmi əvvəlki illə müqayisədə 73 milyon və ya 20,7 faiz artaraq 426 milyon ABŞ dolları təşkil edib, kartof və soğan istisna olmaqla, bütün məhsulların ixracı üzrə artım baş verib. İxracdan əldə edilən 426 milyon ABŞ dolları vəsaitdən 108 milyonu pomidor və xiyarın, 105 milyonu qoz-fındığın, 24 milyonu pambığın, 15 milyonu gön-dəri xammalının, 8 milyonu tütünün ixrac payına düşüb. Keçən il ilk dəfə olaraq, 2,6 milyon ABŞ dolları dəyərində arpa ixrac edilib.

İl ərzində idxalın həcmi iribuynuzlu heyvanlar üzrə 46 faiz, diri ev quşları üzrə 55 faiz, quş yumurtası üzrə 27 faiz, arpa üzrə 95 faiz, qarğıdalı üzrə 45 faiz, xırdabuynuzlu heyvanlar üzrə 5 faiz azalıb. Bununla belə, idxalın həcminin azaldılması üçün böyük imkanlar mövcuddur və hesabat ilində 682 milyon ABŞ dolları təşkil edən bu göstəricinin azaldılması on milyonlarla valyuta vəsaitinin ölkədə qalmasına səbəb ola bilər ki, bu da fikrimizcə, ixracın artırılmasından da böyük əhəmiyyət kəsb edir.

Bu vəsaitdən 295 milyonu buğda, 48 milyonu kərə yağı, 45 milyonu çay, 41 milyonu diri heyvan və heyvan ətləri, 34 milyonu kartof, 32 milyonu düyü, 18 milyonu banan, 17 milyonu sitrus meyvələri, 17 milyon ABŞ dolları isə qarğıdalı idxalına və s. sərf edilib.

İsrail mütəxəssisləri ilə yerli şirkətlər tərəfindən ölkəmizdə aparılmış tədqiqatlar əsasında həmin məhsulların bir çoxunun mənfəətlilik dərəcəsinin yüksək olduğu qənaətinə gəlinib. Belə ki, tədqiqata görə çəltik üzrə gəlirlilik dərəcəsi 400 faizdən, soya üzrə 250 faizdən, qarğıdalı və günəbaxan üzrə 200 faizdən yuxarı olub, sonrakı yerləri isə müvafiq olaraq tütün, kartof, taxıl və pambıq tutub.

Keçən il təxminən 90 min ton pambıq istehsal edilərək 24 pambıqçılıq rayonunun 457 kənd ərazi nümayəndəliyi üzrə təqribən 4300 pambıq istehsalçısı təhvil verdikləri məhsula görə 40 milyon manatdan çox vəsait əldə edib və əlavə olaraq yaxın günlərdə 9 milyon manat həcmində subsidiya alacaq.

Hesabat ilində 70 ton yaş barama istehsal edilib, onun yem bazasının bərpası məqsədilə bölgələrdə yeni çəkil bağlarının salınması üçün 1,5 milyon ədəd çəkil tingləri alınaraq 37 rayona əvəzsiz paylanılıb və tinglərin əkini həyata keçirilib. Göstərişinizə uyğun olaraq, barama istehsalı məqsədi ilə 5000 qutu ipəkqurdu toxumunun gətirilərək əvəzsiz paylanılması üçün zəruri tədbirlər görülüb.

Ölkədə çayçılığın inkişafına dövlət dəstəyi tədbirlərinin müsbət nəticəsi kimi yaşıl çay yarpağının istehsalı əvvəlki illə müqayisədə 75 faiz artaraq 1020 ton təşkil edib. Sahibkarlar tərəfindən yeni çay plantasiyalarının salınması işi davam etdirilir.

Əsas ixracyönümlü sahələrdən biri kimi, fındıqçılığın inkişafına ciddi dövlət dəstəyi göstərilməklə, zəruri miqdarda fındıq pöhrələri tədarük edilib, əlverişli torpaq-iqlim şəraitinə malik 13 min hektara yaxın sahədə yeni fındıq bağları salınıb ki, bu da mövcud bağların bir il ərzində 37 faizdən çox genişləndirilməsi deməkdir.

Buğda və çəltik istehsalına görə, ümumilikdə, 80 milyon manat, ilk dəfə olaraq süni mayalanma yolu ilə alınmış buzovlara görə 500 min manat, texnikaların dəyərinin 40 faizinin ödənilməsi üçün 28 milyon manat, damazlıq heyvanların dəyərinin 50 faizinin ödənilməsi üçün isə 8 milyon manat subsidiya verilib, məhsul istehsalçılarının istifadə etdikləri mineral gübrənin dəyərinin 70 faizi və ya 62 milyon manatı tam şəffaflıqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilib.

Nazir bildirib ki, son illər fermerlərin kənd təsərrüfatı texnikaları, gübrə, pestisid və s. ilə təminatında yaddaqalan və hətta mən deyərdim ki, bu problemlərə son qoyan illər olub. Belə ki, son üç ildə 11 min, keçən il isə 4,4 min müxtəlif kənd təsərrüfatı texnikaları, 240 min ton mineral gübrə və pestisid gətirilərək 40 faiz güzəştlə lizinqə və 70 faiz güzəştlə satışa verilib.

Son xəbərlər

Orphus sistemi