​Heydər Əliyev prospektində yolun bir hissəsi açılıb

​Heydər Əliyev prospektində yolun bir hissəsi açılıb Tezliklə buradakı digər yol təmir-tikinti işləri ilə bağlı bağlanacaq
İnfrastruktur
29 Aprel , 2015 17:52
​Heydər Əliyev prospektində yolun bir hissəsi açılıb

Bakı. 29 aprel. REPORT.AZ/ Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC tərəfindən Heydər Əliyev prospektində yan yolun Böyükşor yol qovşağından Heydər Əliyev Mərkəzinə qədər olan hissəsində aparılan kompleks tədbirlər artıq yekunlaşıb və yol tam olaraq nəqliyyat vasitələrinin hərəkəti üçün açılıb.

Qurumdan "Report"a daxil olan məlumata görə, Heydər Əliyev prospekti yan yol tam yeni görkəmdə sürücülərin ixtiyarına verilib. Belə ki, yolun asfalt-beton örtüyünün üst qatı qaşınaraq yenisi ilə əvəzlənib, səki daşları dəyişdirilib, səkilərə tamet daşları döşənib, zəruri olan ərazilərdə səth sularının normal kənarlaşdırılması üçün yağış kanalizasiya sistemi qurulub, yeni yağış barmaqlıqları yerləşdirilib, kommunikasiya xətlərinin dəmir-beton plitələri və üst qapaqları dəyişdirilib, yolun kənarında yaşıllıq zonası salınıb.

Qeyd edək ki, əvvəllər yaşıllıq zonası suvarılarkən həmin suyun axıdılması üçün sistem yox idi. Hazırda “Azəryolservis” tərəfindən yaşıllıq zonalarında bu sistem də qurulub.

Sabah axşamdan etibarən isə Heydər Əliyev prospektində digər yan yol, Hidrometeoroloji Proqnozlar Bürosunun yerləşdiyi binanın qarşısından “Koroğlu” metro stansiyasına qədər olan hissəsi aparılacaq təmir-tikinti işləri ilə bağlı tam olaraq bağlanacaq və burada nəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq.

Qeyd edək ki, Heydər Əliyev prospektində yerləşən yerüstü piyada keçidində də yenidənqurma işləri həyata keçirilir. Keçidin üzlüyü yenilənir, piyadaların rahat şəkildə hərəkəti üçün eskalatorların istiqaməti dəyişdirilib.

Son xəbərlər

Orphus sistemi