Yuxarı

​Heydər Əliyev prospektində aparılan təmir işlərinin səbəbi açıqlanıb

Ərazinin görkəmi dəyişdirilir

Bakı. 7 aprel. REPORT.AZ/ Bakı şəhəri Heydər Əliyev prospektinin Böyükşor qovşağından Heydər Əliyev Mərkəzinin qarşısına qədər olan hissəsində təmirin aparılmasında əsas məqsəd ilk Avropa Oyunlarına hazırlıq dövründə prospektin görkəmini daha da yaxşılaşdırmaqdır. Bunu "Report"a Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin Mətbuat Katibliyindən məlumat verilib.

Məlumata görə, vaxtilə prospektin əsaslı yenidənqurmadan sonra 2008-ci ildə istismara verilməsini, eyni zamanda, ay ərzində həmin ərazidən 1 mln.-dan artıq nəqliyyat vasitəsinin hərəkət etməsini nəzərə alsaq, asfalt-beton örtüyünün üst qatının dəyişdirilməsinə böyük ehtiyac yaranıb.

Təmir işləri çərçivəsində asfalt-beton örtüyünün üst qatının götürülərək yenisi ilə əvəzlənməsi ilə yanaşı, səki daşlarının dəyişdirilməsi, ayırıcı zolağa tamet daşının döşənməsi, zəruri olan ərazilərdə yağış-kanalizasiya sisteminin yenidən qurulması, kommunikasiya quyularının dəmir-beton piltələrinin və baxış qapaqlarının dəyişdirilməsi, yerüstü piyada keçidinin rekonstruksiyası və s. işlər aparılır. Artıq 5 km-lik hissənin 1 800 metr hissəsinə asfalt-beton örtük döşənib, 1 km hissədə yolun hərəkət hissəsinin üfüqi nişanlanması başa çatdırılıb. Üfüqi nişanlanma zamanı termoplastik yol cizgi boyasından istifadə edilir. İşlərin tez bir zamanda başa çatdırılması üçün bütün qüvvələr səfərbər edilib. 



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi