​Heydər Əliyev Mərkəzində “Klassik avtomobil sərgisi”nin açılış mərasimi keçiriləcək

​Heydər Əliyev Mərkəzində “Klassik avtomobil sərgisi”nin açılış mərasimi keçiriləcək İlk dəfə təşkil olunan sərgidə insanlar avtomobil sənayesinin ayrı-ayrı inkişaf mərhələləri ilə tanış ola biləcəklər
İnfrastruktur
23 Fevral , 2015 17:28
​Heydər Əliyev Mərkəzində “Klassik avtomobil sərgisi”nin açılış mərasimi keçiriləcək

Bakı. 23 fevral. REPORT.AZ/ Bu gün Heydər Əliyev Mərkəzində “Klassik avtomobil sərgisi”nin açılış mərasimi keçiriləcək. Azərbaycan Avtomobil Federasiyası, Almaniyanın Classic Remise və Fransanın Şlumpf kolleksiyası Milli Avtomobil Muzeyi ilə birgə təşkil olunan sərgidə avtomobilin yarandığı ilk dövrlərdən-XIX əsrin sonlarından başlayaraq Almaniya, ABŞ, İtaliya, Fransa, Böyük Britaniya və keçmiş SSRİ-də istehsal olunmuş avtomobillər nümayiş etdiriləcək.

“Report” Azərbaycan Avtomobil Federasiyasına istinadən xəbər verir ki, ziyarətçilər hazırda istehsal edilməyən, lakin dövrümüzədək dəbdən düşməyən və keyfiyyətini itirməyən avtomobilləri də sərgidə görə bilərlər. Məlumatda qeyd olunub ki, insanlar təqdim edilən sərgini izləməklə nəqliyyat vasitələrinin istehsalı tarixinə ekskursiya edəcək, avtomobil sənayesinin ayrı-ayrı inkişaf mərhələləri ilə tanış ola biləcəklər.

İlk dəfə olaraq belə eksponatlarla təşkil olunan sərgidə, həmçinin müxtəlif dövrlərə aid yanacaqdoldurma qurğuları, yol nişanları, avtomobillər haqqında nəşrlər və digər aksesuarlar, eləcə də arxiv materialları əsasında hazırlanan video çarxlar nümayiş olunur.

Qeyd edək ki, sərgi ərəfəsində Azərbaycan Avtomobil Federasiyasının avtomobil tarixi haqqında “Tarixə dörd çarxla” kitabı nəşr olunub. Nəşrdə müxtəlif ölkələrdə ayrı-ayrı illərdə istehsal olunan avtomobillər barəsində məlumatlar, fotolar təqdim edilir.

Sərgi həftənin cümə, şənbə və bazar günləri işləyəcək. Biletləri Heydər Əliyev Mərkəzinin kassasından və yaxud Mərkəzin rəsmi internet saytından (www.heydaraliyevcenter.az) əldə etmək mümkündür.

Son xəbərlər

Orphus sistemi