Bakı. 23 iyul. REPORT.AZ/ Göyçay rayonu Qaraməryəm-Müsüslü avtomobil yolunun 5-ci kilometrliyindən Aşağı Qaraməryəm kəndinə gedən 4-cü texniki dərəcəli yolda Dəvəbatan çayı üzərində yerləşən körpü bərpa edilərək vətəndaşların istifadəsinə verilib.
“Azəravtoyol” ASC-nin Mətbuat Katibliyindən “Report”a bildirilib ki, ötən ay güclü sel suları nəticəsində dağılan körpünün uzunluğu 12 metr, eni isə 6 metrdir. Hadisə baş verən kimi dərhal əraziyə “Azəravtoyol”un canlı qüvvə və texnikası cəlb olunub.
Dağılan körpünün dayaqlarından biri yenidən inşa edilib, digərində isə əlavə bərkitmə işləri aparılıb. Daha sonra metal karkaslı beton aşırım tirləri qoyularaq bərkidilərək üzərisi isə asfaltlanıb.
Qeyd edək ki, Dəvəbatan çayı üzərində yerləşən körpü 1970-ci illərində inşa edilib.