Prezident Administrasiyası: İdxal-ixrac, tranzit əməliyyatlarına sərf edilən vaxt azalıb

Prezident Administrasiyası: İdxal-ixrac, tranzit əməliyyatlarına sərf edilən vaxt azalıb Bakı. 8 fevral. REPORT.AZ/ “Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikada həyata keçirilən sosial-iqtisadi siyasətin tərkib hissəsi olan gömrük siyasəti də iqtisadiyyatın bugünkü tələblərinə uyğun olaraq təkmilləşdirilir”.
İnfrastruktur
8 Fevral , 2019 09:50
Prezident Administrasiyası: İdxal-ixrac, tranzit əməliyyatlarına sərf edilən vaxt azalıb

Bakı. 8 fevral. REPORT.AZ/ “Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikada həyata keçirilən sosial-iqtisadi siyasətin tərkib hissəsi olan gömrük siyasəti də iqtisadiyyatın bugünkü tələblərinə uyğun olaraq təkmilləşdirilir”.

“Report” xəbər verir ki, bu barədə Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun “Azərtac” da dərc olunmuş məqaləsində qeyd olunub. S.İsmayılov bildirib ki, Prezident İlham Əliyevin “Ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 20 aprel tarixli sərəncamı idxal-ixraca nəzarət sistemini Vergilər Nazirliyi ilə Dövlət Gömrük Komitəsinin birlikdə həyata keçirməsinə şərait yaradıb. Onun sözlərinə görə, qarşılıqlı nəzarət sisteminin tətbiqi vergidən yayınmanın qarşısını almaqla yanaşı, sahibkarlıq subyektlərində yüksək vergi mədəniyyətinin və könüllü riayət sisteminin formalaşdırılması istiqamətində görüləcək ən mühüm tədbirlərdən biri olacaq.

S.ismayılov bildirib ki, 2018-ci ildə ölkə iqtisadiyyatının inkişafında və büdcənin gəlirlər hissəsinin formalaşmasında xüsusi rolu olan Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 3 milyard 434 milyon manat və ya proqnoza nisbətən 244 milyon manat çox vəsait daxil olub. Bu, 2017-ci illə müqayisədə 825 milyon manat və ya 31,6% çoxdur.

“İslahatlar nəticəsində artıq ixracın tamamilə elektron idarəetmə sistemi vasitəsilə həyata keçirilməsi təmin edilib, idxal-ixrac, tranzit əməliyyatlarına sərf edilən vaxt azalıb, sərhəd-buraxılış məntəqələrində əməliyyat və prosedurlar daha da sürətlənib. Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya ölkəmizə səfərində Azərbaycanda gömrük sahəsində atılan addımları təqdirəlayiq hesab edib, ölkəmizdə bu yöndə görülən işlərin digər dövlətlər üçün də faydalı olacağını və Azərbaycan təcrübəsinin öyrənilməsinin vacibliyini qeyd edib. Gömrük sahəsində aparılan islahatlar və sağlamlaşdırma prosesinin nəticələri vətəndaş müraciətlərində də əksini tapıb. Bu mövzu üzrə şikayətlər faiz etibarilə azalıb”, - S.İsmayılov vurğulayıb.

Prezident Administrasiyasının rəsmisi əlavə edib ki, buna baxmayaraq, 2018-ci ildə bəzi gömrük-keçid məntəqələrinin fəaliyyəti barədə şikayətlər daxil olub: “Gömrük sahəsində aparılan islahatlar, innovasiya layihələrinin həyata keçirilməsi 2019-cu ildə vətəndaş məmnunluğunun təmin edilməsinə və bu qəbildən olan müraciətlərin azalmasına xidmət edəcək. Bir daha vurğulamalıyıq ki, Prezident Administrasiyasına daxil olan müraciətlərin hər biri diqqətlə baxılıb araşdırılır, lazımi tədbirlər görülür, əsaslı müraciətlər həll edilir və nəticəsi barədə vətəndaşlara cavab verilir”. 

Son xəbərlər

Orphus sistemi