Yuxarı

​Gəncə və Şəkidə “Kadastr və Daşınmaz Əmlakın Qeydiyyatı” layihəsi yekunlaşır

Layihə çərçivəsində 220 minə yaxın əmlak üzrə ölçmələr aparılıb

Bakı. 29 iyun. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi Azərbaycan və Almaniya hökumətləri arasındakı müqaviləyə uyğun olaraq, Gəncə və Şəkidə “Kadastr və Daşınmaz Əmlakın Qeydiyyatı” layihəsini həyata keçirir. 

“Report”a Komitənin mətbuat xidmətindən verilən məlumata görə, layihə Gəncə və Şəkinin bütün ərazisi üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının və rəqəmsal kadastr xəritələrinin yaradılmasını nəzərdə tutur.

Məlumata əsasən, layihə Gəncə və Şəkinin bütün ərazisini, yəni 250 min hektarı əhatə edib. Hazırda layihə çərçivəsində bütün çöl-ölçmə işləri tamamlanıb və 220 minə yaxın əmlak üzrə ölçmələr aparılıb. Əhaliyə məxsus olan bütün daşınmaz əmlaklar - ev, mənzil, həyətyanı və pay torpaqları və kommersiya obyektilərinin sərhədləri dəqiqləşdirilib, sənədləri öyrənilib. Toplanan məlumatların emalı və elektron xəritələrə yerləşdirilməsi işləri aparılır. Məlumatların bir hissəsi artıq emal olunaraq yeni xəritələrdə əksini tapıb, eləcə də vahid elektron kadastr sistemlərinə oturulub.

Nəticə olaraq sözügedən bölgələrdə yaşayan sakinlər və əmlak sahibləri artıq öz əmlaklarını, torpaqlarını yenifaktiki mövcud göstəricilərlə dövlət qeydiyyatına ala bilərlər. Bunun üçün vətəndaşlar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) Gəncə və Şəkidəki qeydiyyat idarələrinə müraciətedilməlidir. Qeydiyyat idarələri ilə yanaşı, vətəndaşlar qeydiyyat məsələləri ilə bağlı suallarını Komitənin rəsmi internet səhifəsi, komitə və DƏDRX-in çağrı mərkəzləri vasitəsilə də ünvanlaya bilərlər. 

Bundan əlavə, “Kadastr və Daşınmaz Əmlakın Qeydiyyatı” layihəsi çərçivəsində “Facebook” səhifəsi də yaradılıb (səhifənin adı - Gəncə və Şəkidə daşınmaz əmlakın qeydiyyatına dəstək). Vətəndaşlar bu səhifəyə müraciət etməklə də əmlakın qeydiyyatı ilə bağlı ətraflı məlumat ala bilərlər. Hazırda layihə yekunlaşmaq üzrədir.

Qeyd edək ki, 2013-cü ildən başlanan layihənin Gəncədə icrası yekunlaşıb və şəhərin elektron kadastr informasiya bazası yaradılıb. Bu ilin sentyabrında isə Şəkidə layihənin tamamlanması nəzərdə tutulur. Ötən müddətdə həm Almaniyadan olan məsləhətçilər, həm də yerli özəl şirkətlər layihənin icrasında birbaşa iştirak ediblər. Layihə çərçivəsində aparılan kadastr işlərinə yerli özəl qurumlar də cəlb edilib. Layihənin icraçısı olan Almaniyanın GFA/GCİ konsorsiumu oxşar layihələri Şərqi Avropa, Bosniya və Hersoqovina, Kosova və Rumıniyada da həyata keçirib. Eyni zamanda, belə layihələr bir sıra Cənubi Amerika və Afrika ölkələrində də reallaşıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi